Rayonun Nic qəsəbəsində səyyar qəbul keçirilib
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Nic qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib. Rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları rəhbərlərinin və qəsəbə sakinlərinin iştirak etdikləri səyyar qəbulda çıxış edən RİH-nin başçısı bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq təşkil olunduğunu bildirib. O, dövlət başçısının bütün bölgələrə, o cümlədən Qəbələyə göstərdiyi diqqət və qayğıdan danışıb, rayonda həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs edib. Rayon icra hakimiyyətinin başçısı çıxışında digər yaşayış məntəqələri kimi, tolerantlığın nümunəvi modeli olan Nic qəsəbəsində də işıq, su, qaz, rabitə, yol və digər sosial problemlərin həll olunduğunu vurğulayıb. Səyyar qəbulda qəsəbədə fəaliyyət göstərən məktəblərin, uşaq bağçaları, poçt şöbəsi və digər sosial obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, avadanlıqlarla təchiz edilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb və bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi bildirilib. Sonra sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərə baxılıb. Qəsəbə sakinlərindən bir qrupu çıxış edərək yaşayış məntəqəsində qəsəbədaxili yolların abadlaşdırılması, elektrik xətlərinin dəyişdirilməsi, xəstəxananın əsaslı təmiri və artezian quyusunun qazılmasını xahiş etmişlər. Qaldırılan məsələlərin həll edilməsi istiqamətində RİH başçısı tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir. Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.