"Tarixin qanlı salnaməsi" adlı tədbir keçirilib
30 mart 2022-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində 31 mart- Azərbaycanlıların soyqırım günü ilə əlaqədar "Tarixin qanlı salnaməsi" adlı tədbir keçirilmişdir. Öncə 1918-ci ilin mart hadisələri zamanı kütləvi soyqırıma məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmalarından, günahsız insanları görülməmiş vəhşiliklə qətlə yetirmələrindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciəsi Ümummilli liderimiz - Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə öz tarixi qiymətini almış, o vaxtdan hər il 31 mart tarixində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanılmışdır. Sonda tarixi hadisələri əks etdirən video-çarx nümayiş etdirilmişdir.