“31 mart – bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda rəsm sərgisi keçirilib
Gənclər və İdman idarəsinin təşkilatçılığı, Qəbələ Dövlət Rəsm Qalareyasının iştirakı ilə 31 mart 2022-ci il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “31 mart – bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda rəsm-sərgisi keçirilmişdir. Sərgiyə rayonun 40-dək yeniyetmə-gənc rəssamı öz rəsm əsəri ilə qatılmışdır. Tədbirdə rayonun müxtəlif idarə və müəssisələrində çalışan fəal gənclər, məktəblilər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tədbirin məqsəd və vəzifələri barədə danışaraq soyqırım hadisəsini tariximizin faciəli səhifəsi, bu qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirmişlər. Rəsm sərgisinə baxış keçirildikdən sonra gənc rəssamlara fəxri-fərmanlar təqdim edilmiş və sonrakı fəaliyyətlərində onlara uğurlar arzulanmışdır.