Qəbələdə Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası olmuşdur.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar rayonda əhalinin tibbi müayinəsinin gedişi vəziyyəti müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə qarşılanmış, dövlət başçısının göstərişi xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addım kimi qiymətləndirilmişdir.
Tibbi müayinənin gedişi ilə əlaqədar 3 aprel 2014-cü ildə Qəbələ Rayon İcra Hakimiyyətində keçirilən şura yığıncağında RİH başçısı cənab Səbuhi Abdullayev əhalinin dispanserizasiyasının əhəmiyyətindən ətraflı danışmış, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq respublikamızda iqtisadi inkişafı ilə yanaşı səhiyyə və cəmiyyətin sağlamlığı istiqamətində də böyük işlər görüldüyünü qeyd etmişdir.
Natiq bildirmişdir ki, əhalinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və fərmanlara əsasən regionlarda müxtəlif profilli səhiyyə müəssisələri tikilir, mövcud tibb ocaqları yüksək səviyyədə təmir edilir, müasir tibbi avadanlıqlarla təmin olunur, maddi-texniki bazası möhkəmləndirilir.
Bu işlərin Qəbələ rayonunda da uğurla həyata keçirildiyini deyən cənab Səbuhi Abdullayev bu mühüm tədbirin lazımi səviyyədə başa çatdırılması ilə əlaqədar əlavə işlərin həyata keçirilməsi, bununla bağlı qarşıda duran vəzifələrin icrası üçün bir sıra idarələrə və xidmət təşkilatlarına müvafiq tapşırıqlar verdi.
Əhalinin tibbi müayinəsinin gedişi barədə məruzə edən rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova dispanserizasiya prosesində bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlandığını, eləcə də yoluxucu xəstəliklər müəyyən edilən vətəndaşların stasionar müalicəyə cəlb olunduğunu və dispanser qeydiyyatına götürüldüyünü bildirmişdir.
Sonra məsələ ətrafında çıxışlar olmuşdur.
Gündəlikdə duran ikinci məsələ - rayonda bağçılığın və tingçiliyin inkişafı istiqamətində görülən işlər barədə RİH başçısının müavini-aqrar məsələlər şöbəsinin müdiri Rahib Əhmədov məlumat vermişdir. Natiq ölkə başçısı cənab İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncama uyğun olaraq rayonda bağçılığın, üzümçülüyün və tingçiliyin inkişafına diqqətin artırıldığını və bunun nəticəsi olaraq bağ sahələrinin 6854 hektara, üzüm plantasiyalarının isə 458 hektara çatdırıldığını bildirdi.
Rahib Əhmədov sonda bu istiqamətdə işlərin daha da genişləndiriləcəyini vurğuladı.
Məsələ ətrafında gedən müzakirədən sonra qərar qəbul edildi və şura yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən yekunlaşdırıldı.