Rayon icra hakimiyyəti başçısının Kiçik Pirəli kəndində görüş-qəbulu olmuşdur.
Aprelin 22-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abullayevin Kiçik Pirəli kənd sakinləri ilə görüş-qəbulu keçirilmişdir. Təsdiq olunmuş qrafikə əsasən keçirilən görüşdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, kənd ağsaqqalları və sakinləri iştirak etmişlər.
Tədbirdə kəndin icra nümayəndəsi Elxan Allahverdiyev yaşayış məntəqəsində mövcud olan 187 ailə təsərrüfatında 783 nəfər əhali yaşadığını bildirmiş, ərazi haqqında ümumi məlumat vermişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev çıxış edərək Prezident cənab İlham Əliyevin köməkliyi ilə Qəbələdə sosial-iqtisadi sahədə görülmüş işlərdən söhbət açmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, sənayenin, aqrar sektorun, turizm infrastrukturunun inkişaf etdirilməsi, tikinti-quraşdırma və s. işlərin həyata keçirilməsi istiqamətində əldə olunan nəaliyyətlərdən danışmışdır. Cənab Səbuhi Abdullayev Qəbələ rayonunda sosial-iqtisadi sahədə görüləcək işlərin daha da sürətləndiriləcəyini və icrasına başlanılacaq layihələrin ölkə başçısının diqqət mərkəzində olduğunu bildirmişdir.
Görüş-qəbulda kənd sakinləri Kiçik Pirəlidə yeni uşaq bağçasının tikilməsi və kənd yolunun asfaltlaşdırılması təkliflərini irəli sürmüşlər.
Yekunda rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli üçün müvafiq təşkilatlara tapşırıqlar vermişdir.