Pakistan İslam Respublikasının nümayəndə heyəti Qəbələnin idman həyatı ilə yaxından tanış olmuşdur.
Qəbələdə səfərdə olan Pakistan İslam Respublikasının “Malik Saad İnam İdman Təşkilatı”nın nümayəndə heyəti rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevlə görüşərkən tərəflər arasında ətraflı fikir mübadiləsi aparılmışdır. Görüşdə cənab Səbuhi Abdullayev ölkə Prezidenti möhtərəm İlham Əliyevin respublikada idmanın inkişafına göstərdiyi diqqətdən, idman sahəsində rayonda görülmüş işlərdən, fəaliyyət göstərən idman qurğularından, tikilib istifadəyə verilmiş idman obyektlərindən, eləcə də idmançılara olan dövlət qayğısından danışmışdır.
Nümayəndə heyətinin başçısı səfərdə məqsədlərinin Azərbaycanın idman təcrübəsini öyrənmək, bu sahədə qazanılmış nailiyyətlərlə tanış olmaq və bu təcürbəni öz ölkələrində tətbiq etməkdən ibarət olduğunu bildirmişdir.
İki günlük səfərləri çərçivəsində qonaqlar bu gün Qəbələ Olimpiya İdman Kompelksinə gəlmiş, buradakı idman zalı, üzgüçülük hovuzu, trenajor salonları, tennis, voleybol və mini-futbol kortu ilə tanış omuşlar.
Daha sonra onlar Qəbələ Futbol Klubuna gələrək futbolçuların təlim-məşq proseslərini yüksək səviyyədə keçirmələri üçün ərazidə FİFA və UEFA-nın tələblərinə uyğun tikilib istifadəyə verilmiş 6 ədəd təbii örtüklü, 4 ədəd süni örtüklü futbol meydançaları, həmçinin 15000 yerlik üstüörtülü stadionun tikintisi ilə yaxından tanış olmuşlar.
Pakistanlı nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə də getmişlər. Onlar kompleksin olimpiya yarışlarında tətbiq edilən və bütün texniki vasitələrlə təhciz olunan bölmələrini gəzmiş, uşaq və yeniyetmələr üçün yaradılmış tədris mərkəzinin iş təcürbəsini öyrənmişlər.
Nümayəndə heyətinin Qəbələ rayonuna səfəri başa çatmışdır.