“Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub
13 noyabr 2012-ci il tarixdə Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. İclasda “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, layihəyə əsasən Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 hektar (bunun 22,70 ha dövlət mülkiyyəti, 112,39 ha bələdiyyə mülkiyyəti, 9,88 ha xüsusi mülkiyyətindədir), eləcə də Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 hektar torpaq sahəsinin Qəbələ şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.
Komitə sədrinin müavini Fəttah Heydərov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da tikinti-quruculuq işlər geniş vüsət alıb. Qəbələdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu gün Qəbələ turizm bölgəsi kimi, təkcə respublika əhalisinin deyil, regionun və dünyanın diqqət mərkəzindədir. Qəbələdə beynəlxalq standartlara cavab verən hava limanının istifadəyə verilməsi insanların bu bölgəyə gəlməsini daha da asanlaşdırıb. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi Qəbələ şəhərinin daha da genişlənməsinə, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək.
Müzakirələr zamanı deputatlar layihənin əhəmiyyətindən danışmış, bu qərarın Qəbələnin inkişafında mühüm rol oynayacağını bildiriblər. Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.