Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil edilmişdir.
Mayın 7-də rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin toplaşdığı Heydər Əliyev Mərkəzində ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin mərkəzdəki büstünün qarşısına gül dəstələri qoymuş, sonra onun həyatının müxtəlif anlarını və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.
Brifinq zalında başlanan rəsmi hissədə təhsil işçisi Elşad Əbdürəhmanov “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu və memarıdır” mövzusunda mühazirə oxumuşdur. Mühazirəçi ümummilli liderin siyasi fəaliyyəti-ölkədə apardığı siyasi-hüquqi, sosial-iqtisadi islahatlar, dövlət həyatının bütün sahələrini əhatə edən demokratikləşmə prossesləri, milli dövlətçiliyin və müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın demokratik imicinin beynəlxalq arenada yüksəldilməsi, transmilli iqtisadi layihələrin gerçəkləşdirilməsi, milli birliyə və vətəndaş həmrəyliyinə nail olunması istiqamətində gördüyü uğurlu işlərin onun şərəfli həyatının qısa mündərəcəsi olduğunu bildirmişdir.
Heydər Əliyev siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayan natiq, Azərbaycanın bu gün dünya birliyində layiqincə təmsil olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə YAP rayon gənclər təşkilatının sədri Ramil Qəribov, mərkəzi xəstəxananın həkimi Sədayə Əliyeva, mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Anar Rüstəmli və “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov çıxış edərək, ümummilli liderin təhsil, mədəniyyət, səhiyyə, mətbuat, söz azadlığı və digər sahələrdə həyata keçirdiyi islahatlardan ətraflı danışmışlar.