Bolqarıstanın Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşlar
Bolqarıstanın Ali Kassasiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişlər. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra müəssisələrin fəaliyyəti, bölgənin turizm imkanları ilə yaxından maraqlanmışlar. Rayonda mövcud olan istehsal müəssisələri ilə tanış olan qonaqlar Qəbələ Konserv zavodunda istehsal prosesini yaxından izləmişlər. Məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Bildirilmişdir ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Daha sonra qonaqlar zavodda istehsal olunan məhsulların sərgisinə baxış keçirmişlər. Qeyd olunmuşdur ki, zavodun beynəlxalq sertifikatı mövcuddur müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır.
Zavodla tanışlıqdan sonra nümayəndə heyəti meyvə tə tərəvəzlərin saxlanması və çeşidlənməsi üçün soyuducu anbarlarla baxış keçirmişlər. Diqqətə çatdırılmışdır ki, ümumi sahəsi 7800 kvadratmer, 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Daha sonra qonaqlar Limonad zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul–kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. Zavodla tanışlıqdan sonra nümayəndə heyəti beşulduzlu otellər–“Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuş, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.
Qəbələyə səfərlərindən məmnunluğunu ifadə edən nümayəndə heyəti Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu, bölgələrdə müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasının və bu istiqamətdə böyük işlər görüldüyünün şahidi olduqlarını diqqətə çatdırmişlar.