Faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd olunmuşdur.
Mayın 9-da Qəbələdə faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə İkinci Dünya Müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək , əsgər anası monumenti qarşısına gül dəstələri qoymuşlar. Sonra tədbir “Qafqaz Sport Otel” də davam etdirilmişdir.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev müharibə veteranlarını faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə təbrik etmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. İcra başçısı çıxışında 700 minə qədər azərbaycanlının ikinci dünya müharibəsində döyüşdüyünü, onlarla birlikdə 6 min nəfər qəbələlinin də qəhrəmanlıqla vuruşduğunu və sağ qalmış 3 min nəfərə yaxın həmyerlilərimizin Vətənə döndüyünü qeyd etmişdir. Natiq ön cəbhədəki döyüşlərdə şərəfli hərb yolu keçmiş və arxa cəbhədə fədakarlıqla çalışmış Azərbaycan övladlarının tarixi şücaətinin heç vaxt yaddaşlardan silinməyəcəyini, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacağını diqqətə çatdırmışdır.
Sonra tədbirdə müharibə veteranları cıxış etmiş, cəbhə xatirələrini danışmışlar. Onlar ölkə başçısı İlham Əliyevə veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Yekunda İkinci Dünya Müharibəsi veteranlarına rayon icra hakimiyyəti tərəfindən xatirə hədiyyələri verilmişdir.