Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Moskva-Qəbələ-Moskva marşurutu üzrə ilk təyyarə reysinin sərnişinləri Qəbələdə

16 noyabr 2012 | 16:00

Rusiyanın “EK.Alyans” Aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlamışdır. Noyabr ayının 15-də Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi olmuşdur. Yeni beynəlxalq aviareysin ilk sərnişinlərinin qarşılanması münasibətilə Qəbələ aeroportunda keçirilən tədbirdə “AZAL” QSC-nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli, “EK.Alyans” Aviaşirkətinin baş direktoru Suslin Erkin Şavkatoviç, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak etmişdir.
Mərasimdə məlumat verilmişdir ki, Bakı vaxtı ilə saat 11:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtilə saat 13:45-də Qəbələ Beynəlxalq Hava Limanına enmişdir. Təyyarənin göyərtəsində ümumilikdə 114 sərnişin olmuşdur. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşları, eləcə də yerli və xarici iş adamları, əcnəbi turistlər olmuşdur. Qəbələdən isə təyyarə həmin gün saat 15:45-də təkrar olaraq Moskvaya uçmuşdur. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 104 sərnişin olmuşdur. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin cümə axşamı günü yerinə yetiriləcək. “Airbus 320” tipli təyyarə 156 sərnişin tutumuna malikdir.
Moskvadan Qəbələyə bir aviabiletin qiyməti 102 manat, Qəbələdən Moskvaya isə 120 manat təşkil edir. Sərnişinlər təyyarədə yüksək səviyyədə təşkil edilən xidmətdən məmnun qaldıqlarını bildirmişlər.
Xatırladaq ki, ötən il noyabrın 17-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qəbələ beynəlxalq aeroportu dünyanın ən yüksək standartlarına cavab verir. Burada məlumat bürosu, gözləmə zalı, internet otağı vardır. Aeroportda aviasiya təhlükəsizliyi, sərhəd və gömrük xidmətlərinin əməkdaşlarının rahat işləmələri üçün hərtərəfli şərait yaradılmışdır. Terminalda ən son təhlükəsizlik avadanlığı quraşdırılmışdır. Sərnişin qeydiyyatının rahat və vaxtında aparılması üçün 6 məntəqə yaradılmışdır. VİP sərnişin qeydiyyatı və salonu da ən son avadanlıqla təchiz olunmuşdur. Aeroportun ikinci mərtəbəsində restoran fəaliyyət göstərir. Saatda 200 sərnişin daşıma gücünə malik Qəbələ Beynəlxalq Aeroportu “AZVIRT” MMC tərəfindən inşa olunmuşdur. Beynəlxalq hava limanını Qəbələ şəhəri ilə birləşdirən 22 kilometr uzunluğu olan asfalt-beton örtüklü magistral yol dünya standartlarına uyğun olaraq tikilməkdədir.
 

Keçidlər