Xatirə medalları təqdim edilmişdir.
Bu gün Qəbələ şəhərində, “Qafqaz-Karvansaray Hotel”də Əfqanıstan Müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Giriş sözü ilə tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, Əfqanıstan Müharibəsi veteranlarının dövlət qarşısında hərbi borclarını şərəflə və qəhrəmanlıqla yerinə yetirdiklərini, onların gələcək nəsillər üçün örnək olduqlarını, Azərbaycanın Milli Ordusunun yaranması və formalaşması istiqamətində əzmkarlıq nümayiş etdirdiklərini bildirmişdir.
Cənab Səbuhi Abdullayev 9 min vətəndaşımızın Əfqanıstan müharibəsində iştirak etdiyini, onlardan 208 nəfərin həlak olduğunu, 6 nəfərin itkin düşdüyünü. 400-dən çox insanların isə əlil olduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiq Azərbaycanın Əfqanıstan Müharibəsi veteranlarının təcrübəli döyüşçü kimi Milli Ordumuzun yaranmasında xüsusi fəallıq göstərdiyini, torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün fədakarlıqla döyüşdüklərini, göstərdikləri igidliklərə görə 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü, 37 nəfərin “Azərbaycan Bayrağı” ordeni, onlarla döyüşçümüzün digər orden və medallarla təltif olunduğunu qeyd etmişdir.
Əfqanıstan Müharibəsi veteranlarının şərəfli ömür yolunun bu günkü gənc nəslin əsl şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynadığını deyən cənab Səbuhi Abdullayev, digər müharibə veteranları kimi onlara da ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən yüksək qayğı göstərildiyini söyləmişdir. Həmçinin o bildirmişdir ki, bu gün Qəbələ rayonu üzrə 57 nəfər Əfqanıstan Müharibəsi veteranının xatirə medalı ilə təltif olunması onlara göstərilən qayğının və həssas münasibətin parlaq ifadəsidir.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi əvəzi Hüseyn Quliyev Əfqanıstan Müharibəsi veteranlarının şərəfli döyüş yolu haqqında məruzə etmiş və veteranlara xatirə medalları təqdim olunmuşdur.
Sonda Əfqanıstan Müharibəsi Veteranları üçün ziyafət təşkil edilmişdir..