Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqlandın Qəbələ rayonuna səfəri davam etmişdir.
Bu gün Qəbələdə səfərdə olan Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyəti rayonun turizm infrastrukturu, istehsal müəssisələri və müasir memarlıq nümunələri ilə tanış olmuşdur.
Qonaqlar əvvəlcə Qəbələ şəhərindəki otel komplekslərinə baxış keçirmiş, Azərbaycanda, eləcə də bölgələrdə turizmin inkişafı, bu sahədə yaradılan müasir infrastrukturun daha da genişləndirilməsi istiqamətində görülən işlərə və rayonda həyata keçirilən iri miqyaslı turizm layihələrinin icrasına göstərilən dövlət qayğısının şahidi olmuşlar.
Sonra onlar bu ilin əvvəlində ölkə başçısı möhtərəm İlham Əliyev tərəfindən birinci mərhələsinin açılışı olan “Tufandağ” qış-yay turizm istirahət kompleksinə gəlmişlər. Qonaqları müşayiət edən rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev onlara kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğunu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığını, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığını, bütün dağ-xizək trassının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyini və gün ərzində 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyünü bildirmişdir.
Nümayəndə heyəti daha sonra “Heydər Əliyev Konqres Mərkəzi”nə gəlmişdir. Müasir memarlıq üslubunda inşa olunan unikal saraya maraq göstərən qonaqlara hər birinin hündürlüyü 6,9 metr olan 3 mərtəbəli binanın bütün texniki imkanları göstərilərək, mərkəzin birinci mərtəbəsində danışıq üçün zallar, qarderob, artistlər üçün otaqlar, 350 yerlik restoran, inzibati otaqlar, geniş foye, liftlər üçün holl, sanitar qovşaqları, ikinci mərtəbəsində isə çoxfunksiyalı 1200 yerlik konfrans zalı, 92 kvadratmetrlik səhnə, VİP otaqları, mühafizə otaqları, media işçiləri üçün kabinetlər və geniş foye göstərilmişdir.
Cənab Torbyorn Yaqland, onunla birlikdə gələnlərlə rayon tarix-diyarşünaslıq muzeyində olmuş, 900 il Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə ətraflı tanış olmuşdur.
Qonaqlar rayonun iri istehsal müəssisəsi kimi tanınan Qəbələ Konserv Zavodunda istehsal prosesini yaxından izləmiş, xammal qəbulundan başlayaraq, hazır məhsulun qablaşdırılmasına qədər bütün texnologiyanı müşahidə etmişlər. Burada zavodun məhsullarının dünyanın 30-dan artıq ölkəsinə ixrac olnduğu onlara bildirilmişdir.
Nümayəndə heyəti “Beltmann” Piano Fabrikinə gələrək, müəssisədə hazırlanan musiqi alətlərinin istehsalı prosesinə baxmışlar.
Avropa Şurasının təmsilçiləri gün ərzində Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə və Nic qəsəbəsindəki Alban udi kilsəsinə də baş çəkmişlər
Günün axırında qonaqlar Qəbələ Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşmüşlər.