Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələdə olmuşlar.

02 iyun 2014 | 15:00

Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn, Böyük Britaniyanın "Press Association" Agentliyinin baş icraçı direktoru Klayv Marşall və digər qonaqlar mayın 31-də Qəbələyə gəlmişlər.
Nümayəndə heyətini RİH başçısının birinci müavini Abil Ağasəfov qarşılamışdır.Onlar iyunun 1-də Qəbələdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, kompleksin inşasının birinci mərhələsi bu ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malik kompleksin tikintisinin birinci mərhələsində dörd kanat xəttin inşa olunduğu, on xizək yolundan beşində inşaat işləri başa çatdırıldığı, bütün dağ-xizək trassında süni qar yaradan generasiya sisteminin quraşdırıldığı və görülən işlərin nəticəsində burada gün ərzində üç min nəfərə xidmət göstərilməsi imkanının olduğu onlara bildirilmişdir.
Sonra qonaqlar Qəbələdə yeni inşa edilmiş Heydər Əliyev Konqres Mərkəzinə gəlmişlər. Onlar binanın ikinci mərtəbəsində yerləşən çoxfunksiyalı 1200 yerlik konfrans zalı ilə tanış olmuşlar.
Nümayəndə heyətinə mərkəzdə 92 kvadratmetrlik səhnə, VİP və mühafizə oaqları,incəsənət ustaları və media işçiləri üçün kabinetlər, geniş foye, qısa müddət ərzində konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçən konfrans zalının olduğu bildirilmişdir. Sonra Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə tanış olmuşlar.
Qonaqlar fabrikdə istehsal prosesinə baxmışlar. Qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə ildə 1200-1500 piano istehsal edilir. Səfər çərçivəsində qonaqlar Qəbələnin 2500 illik tarixini əks etdirən, 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponatın mühafizə olunduğu tarix-diyarşünaslıq muzeyində olmuş, arxeoloji, etnoqrafik, numizmatik materialları, xalq tətbiqi sənəti nümunələrini, qədim əlyazma və çap məhsullarını diqqətlə izləmişlər.
Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı ıclasının iştirakçıları Qəbələ atıcılıq klubuna da gəlmiş, 25 hektar dağlıq ərazidə inşa olunan klubun inzibati binası, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxanası ilə tanış olmuşlar. Qəbələ rayonunun müasir infrastrukturu ilə yaxından maraqlanan qonaqlar daha sonra “Qafqaz Karvansaray” hotel kompleksinə də baş çəkmişlər.
Onlara bildirilmişdir ki, dördmərtəbəli kompleks ən müasir standartlar səviyyəsində inşa olunmuşdur Dünya Xəbər Agentlikləri Konqresi Şurası Bakı iclasının iştirakçıları Qəbələnin böyük infrastruktura malik olduğunu qeyd etmiş, turizm sektoru üçün əlverişli təbii məkanda yerləşən rayonun buraya gələn turistlərdə geniş marağa səbəb olacağını bildirmişlər.
Onlar Qəbələdəki dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasından məmnunluqlarını ifadə etmişlər.

Keçidlər