Qəbələdə “İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” öz işinə başlamışdır.
İyunun 4-də Qəbələ, şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının “Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı” öz işinə başlamışdır.
İki gün davam edəcək Konfransa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri gəlmişdir. Tədbirdə BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki Yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi Geoelmlər İnstitutu, Beynəlxalq Zəlzələ mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələr iştirak edir.
Tədbirin keçirilməsində əsas məqsəd təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdir. Konfransda Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələskərov, Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk da iştirak edir.