Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiya səfərindən qayıtmışdır.
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümyəndə heyəti iyunun 1-dən 10-dək Yaponiyada işgüzar səfərdə olmuşlar. Səfərin məqəsdi Yaponiyanın yerli idarətemə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir. Bakı şəhərinin Səbail, Xətai, Suraxanı, Yasamal, eləcə də Ağcəbədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administarsiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov rəhbərlik etmişdir. Nümyəndə heyəti Tokio, Mequro, Kobe, Fucikovaquçi və Kita Kyuşi şəhərlərinə işgüzar səfərlər etmiş, həmin şəhərləin rəhbərlikləri ilə görüşlər keçirmiş, Yaponiyanın bir sıra tanınmış şirkətlərində olmuşlar. Görüşlərdə Yaponiyada yerli idarəetmənin təşkili, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Onlar iyunun 2-də ölkəmizin Yaponiyadakı səfirliyinin yerləşdiyi Tokionun Mequro rayonuna gəlmiş, rayonun rəhbərliyi ilə görüşmüşlər. Mequronun meri Eici Aoki rəhbərlik etdiyi rayon haqqında ətraflı məlumat vermiş, regionlararası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrinə böyük töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Azərbaycanını nümayəndə heyətinin rəhbəri Hüseyn Mövsümov müstəqilliyimiz dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi , iqtisadiyyatın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib hazırlanması barədə məlumat vermiş, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın regionunun lider dövlətinə çevrildiyini və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyinin möhkəmləndirildiyini vurğulamışdır. Görüş zamanı səfərdə olan icra hakimiyyəti başçılarının rəhbərlik etdikləri rayonların və şəhərlərin iqtisadi inkişaf göstəriciləri haqqında məlumatlar təqdim olunmuşdur. Səbail rayonu ilə Mequro rayonları arasında dostluq və tərəfdaşlıq haqqında niyyət protokolunun layihəsi Yaponiya tərəfinə təqdim olunmuşdur. Azərbaycanlı qonaqlar Ohaşi nəqliyyat və park infrastrukturu ilə tanış olmuş onlara rayonun tarixi yerləri barədə məlumat verilmişdir.
İyunun 3-də nümayəndə heyəti Tokio yaxınlığında yerləşən Yokohama şəhərinə səfər edərək meriyanın və «JGC» şirkətinin rəhbərliyi ilə görüşmüşdür. Azərbaycandan gəlmiş qonaqları Yaponiyanın ikinci böyük yaşayış məntəqəsinin xarici əlaqələr baş idarəsinin rəhbəri Makoto Sekiyama qarşılaşmışdır. Görüşdə Yakohamada həyata keçirilən «Mokato Miray 21» (Gələcəyin rayonu 21) şəhər planlaşdırılması layihəsinin təqdimatı keçirilmiş, videoçarx nümayiş olunmuş, layihənin əhəmiyyəti açıqlanmışdır. Bakının Yasamal və Suraxanı rayonlarının rəhbərləri Yokohama ilə dostluq mübadiləsinə hazır olduqlarını bildirmişlər. Dostluq və tərəfdaşlıq mübadiləsi haqqında niyyət protokolunun layihəsi yapon tərəfinə təqdim olunmuşdur.
İyunun 4-də Azərbaycanın təmsilçiləri ölkənin Fuci-Kavaquçi şəhərinin rəhbərliyi ilə görüş keçirmişdir. Şəhərin meri Y. Vatanabe Azərbaycanın son illərdə sürətli inkişafı və qazandığı uğurlar barədə xəbərdar olduqlarını bildirmişdir. Qeyd edilmişdir ki, turizm şəhəri kimi tanınan Fuci-Kavaquçinin əhalisinin sayının 27 minə yaxın olmasına baxmayaraq, şəhər ildə 3 milyona qədər turist qəbul edir.
Y.Vatanabe regional əməkdaşlıq çərçivəsində Azərbaycanın şəhər və rayonları ilə dostluq münasibətlərinin inkişaf etdirilməsinə maraqlı olduğunu vurğulamışdır.
Sonra şəhərin iqtisadi inkişaf istiqamətləri barədə təqdimatlar keçirilmişdir. Fuci-Kavaquçi şəhəri ilə əməkdaşlıqda maraqlı olan Qəbələ, Masallı, Qusar, Şabran, Yardımlı və Ağcabədi rayonlarının rəhbərləri öz rayonlarının iqtisadi inkişaf göstəriciləri haqqında məlumat vermiş, Yapon tərəfini Azərbaycana səfərə dəvət etmişlər.
Azərbaycanın nümayəndə heyəti şəhərin turizm və kənd təsərrüfatı obyektləri ilə yaxından tanış olmuş, Fuci-Kavaquçinin tarixi və görməli yerlərini ziyarət etmişdir.
Qəbələ rayon icra hakimiyyəti başçısının da daxil olduğu nümayəndə heyəti iyulun 5-də Kansay rayonuna gəlmişdir. Onlar həmin regionun qədim tarixə malik Kioto və müasir təhlükəsiz infrastrukturu ilə seçilən Kobe şəhərində bir sıra görüşlər keşirmişlər. Kobe şəhər meriyasında təşkil olunmuş görüşdə merin müavini Toşiro Tamada qonaqları Azərbaycan dilində salamlamışdır. Görüşdə Kobe şəhəri ilə Azərbaycanın rayonlarından biri arasında dostluq sahəsində əməkdaşlıq müqavilələrinin imzalanması barədə müzakirələr aparılmışdır. Azərbaycanlılar Kobe şəhərinə səfəri çərçivəsində ölkəmizdə həyata keçirdiyi layihələrlə yaxşı tanınan «Şhinyei» şirkətində də olmuşlar. Şirkətin şəhərsalma təcrübəsi nəzərə alınaraq, Azərbaycanda reallaşdırılması planlaşdırılan «Ağ şəhər» layihəsində şirkətin iştirakı hər iki tərəf üçün faydalı olacağı bildirilmişdir.
Kansay regionuna səfəri çərçivəsində nümayəndə heyəti Yaponiyanın keçmiş paytaxtı, tarixi abidələri ilə çoxsaylı turistlərin diqqətini cəlb edən Kioto şəhər meriyasında da olmuşdur. Şəhərin meri Daisaku Kadokava Azərbaycandan gəlmiş qonaqları salamlamaqdan məmnunluq duyduğunu bildirmişdir. Azərbaycanın Şəki şəhərinin öz qədimliyi və şəhərsalma mədəniyyəti ilə Kiotoya bənzədiyi, bu iki şəhər arasında dostluq və tərəfdaşlıq müqaviləsinin imzalanmasının həm iki ölkə, həm də bu şəhərlər üçün faydalı olacağı qeyd edilmişdir. Nümayəndə heyəti turizm və mədəniyyət obyektləri ilə tanış olmuş, şəhərin tarixi və görməli yerlərini ziyarət etmişdir.
Azərbaycan rəsmiləri iyunun 6-da Kitakyuşu şəhərinə gəlmiş, mer Kenci Kitahaşi ilə görüşmüşlər. Kitakyuşu şəhəri ilə Bakının Xətai rayonu arasında əməkdaşlıq və dostluq haqqında niyyət protokolunun layihəsi, həmçinin «Ağ şəhər» layihəsi, «Ana harayı» və rayon barədə nəşrlər şəhər rəhbərliyinə təqdim edilmişdir.
Kitakyuşu şəhərinə səfər çərçivəsində nümayəndə heyətinə burada həyata keçirilən «Hidrogen şəhərciyi», «Eco şəhər» layihələri haqqında ətraflı məlumatlar verilmiş, qonaqlar avtomobil tullantılarının emalı zavodunda iş prosesi ilə tanış olmuşlar.
Yaponiyada işgüzar səfərdə olan Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 7-də ölkəmizin Yaponiyadakı səfirliyində olmuşdur. Görüşdə səfir Gürsel İsmayılzadə dost ölkə ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirmiş, Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzə çevrilməsi nəticəsində yaponların ölkəmizə marağının atrdığını, buradan respublikamıza gələn turistlərin sayının çoxaldığını qeyd etmişdir.
Nümayəndə heyəti iyunun 8-də Tokio şəhərinin Asakusa rayonunun görməli yerlərinə ekskursiya etmiş «Edo» muzeyinə baxış keçirtmiş və «İmperator sarayı» bağında gəzinti etmişlər.
Azərbaycanlı qonaqlar iyunun 9-da gündoğan ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takano Makino ilə görüşmüşdür. Görüşdə Azərbaycanın nümayəndə heyətinin Yaponiyaya işgüzar səfərinin nəticələri və regional əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Nazir müavini Yaponiya-Azərbaycan münasibətlərinin uğurla davam etdiyini vurğulamış, iki ölkənin regionları arasında formalaşmaqda olan dostluq münasibətlərinin, qədim və zəngin mədəniyyətə malik iki xalqın bir-birinə daha da yaxınlaşmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhvələr verəcəyini qeyd etmişdir.
Nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov səmimi qəbula və səfərin yüksək səviyyədə təşkilinə göstərilən köməyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirmişdir. Azərbaycanın son illərdəki nailiyyətləri barədə məlumat verən Hüseyn Mövsümov ölkə başçısı cənab İlham Əliyevin Yaponiya ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və diqqət mərkəzində saxladığını vurğulamışdır. Azərbaycan ilə Yaponiyanın regionları arasında əməkdaşlığın böyük potensialı olduğunu qeyd edən şöbə müdirinin müavini iki ölkə arasında elm, mədəniyyət, təhsil və yüksək texnologiyalar sahələrində də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə Yaponiyanın regionlarına səfər vaxtı şəhərlərin meriyalarına verilmiş dostluq mübadiləsi və tərəfdaşlıq barədə niyyət protokollarının layihələri nazir müavininə də təqdim olunmuş, məsələnin müsbət həlli üçün Yaponiya Xarici İşlər Nazirliyinin öz köməyini əsirgəməyəcəyinə inam ifadə edilmişdir.
Nazir müavini Takano Makino iki ölkənin regionları arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini təsdiq edərək, bu məqəsədə çatmaq üçün yapon tərəfinin mümkün olan bütün addımları atmağa hazır olduğunu bildirmişdir.
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümyəndə heyətinin Yaponiyaya işgüzar səfəri iyun ayının 11-də başa çatmışdır.