Səhiyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Qəbələ rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, daha sonra görkəmli oftolmoloq alim Zərifə Əliyevanın abidələri önünə gül-çiçək
dəstələri qoymuşlar.Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab
Səbuhi Abdullayev çıxış edərək səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına, tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə qəbələlilər adından dərin minnətdarlığını bildirməklə, rayonun bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Ulu öndərimiz Heydər Əliyev 4 iyun 2001-ci il tarixdə imzaladığı sərəncamla bu bayramı tibb işçilərinə bəxş etdiyini vurğulayan cənab Səbuhi Abdullayev, ölkəmizdə uğurla həyata keçirilən səhiyyə islahatları, yeni müayinə və müalicə infrastrukturları barədə geniş məlumat vermişdir. Natiq qeyd etmişdir ki, bu gün Qəbələdə müasir regional diaqnostika mərkəzi fəaliyyət göstərir, yeni tibb ocaqları tikilir, köhnə səhiyyə müəssisələri əsaslı şəkildə təmir edilərək müasir avadanlıqlarla təchiz edilir, bu sahənin maddi-texniki bazası, kadr potensialı gücləndirilir. Daha sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, cərrahiyyə şöbəsinin müdiri Şirin Müştaqov, Qəbələ Diaqnostika Mərkəzinin həkimləri Kamal Məmmədov, Mürsəddin Abdurahmanov, Nic qəsəbə sahə xəstəxanasının baş həkimi Zaur Baxışov və digərləri çıxış etmişlər. Tibb işçilərinin peşə bayramı münasibətilə qabaqcıl səhiyyə işçiləri rayon icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.