Dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur.
İyunun 23-də Qəbələdə dövlət qulluqçularının peşə bayramı keçirilmişdir. Dövlət qulluqçuları əvvəlcə ümumilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərə hörmət və ehtiramlarını ifadə etmişlər. Sonra tədbir Qəbələ Mədəniyyət Mərkəzinin konfrans zalında davam etmişdir.
Bayram tədbirini giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edərək, ölkə Prezidenti möhtərəm İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə elan olunan bayramın dövlət idarəçiliyi sistemində dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində inkişaf etdirilməsi, eləcə də dövlətin demokratik tərəqqisini səciyyələndirən şərtlərdən biri olduğunu qeyd etmişdir.
Rayon icra hakimiyyətinin başçısı milli dövlət quruculuğu istiqamətində islahatların ardıcıl davam etdirildiyini, aparılan islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunmasına və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinə xidmət etdiyini vurğulamışdır. Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə bu istiqamətdə atılan mühüm addımlardan biri kimi dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 21 iyul 2000-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, həmçinin vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulması tədbir iştirakçılarının diqqətinə çatdırılmış, dövlət qulluğunda çalışanlara göstərilən diqqət və qayğıdan söz açılmışdır.
Tədbirin yekununda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçuları rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşlar