Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları”mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlamışdır.

24 iyun 2014 | 06:00

Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoymuşlar. Daha sonra “Heydər Əliyev Konqres Mərkəzi” ndə
forum iştirakçıları Azərbaycan və Rusiya dövlətləri arasında iqtisadi göstəricilər və qarşılıqlı iqtisadi əlaqələrə həsr olunmuş sərgi ilə  yaxından tanış olmuşlar.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev  indiki forumun ölkələrimiz arasında mehriban qonşuluq və dostluq prinsiplərinə söykənən uğurlu əməkdaşlığın nümunəsi olduğunu bildirmiş, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin 2 milyard 600 milyon dollar təşkil etdiyini vurğulamışdır.
Ölkələrimiz arasında humanitar əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir humanitar əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun rolunu, habelə hər iki ölkənin gəncləri arasında münasibətlərin möhkəmlənməsində Rusiyadakı  Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyətini  təqdir etmişdir.
Daha sonra çıxış edən Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev növbəti forumun Azərbaycanda keçirilməsinin xoş ənənəyə əsaslandığını bildirmişdir. Bu gün Azərbaycan və Rusiyanın energetika, bank, nəqliyyat, sənaye və s. sahələrdə uğurla əməkdaşlıq etməsinə toxunan nazir  Rusiyada 13 Azərbaycan mədəniyyət mərkəzinin  fəaliyyət göstərdiyini qeyd etmişdir.
Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  ölkə Prezidenti möhtərəm İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxumuşdur.
Ardınca RF Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti cənab Vladimir Putinin forum iştirakçılarına müraciətini oxumuşdur.
Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident Administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edirlər.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək qonaqları salamlamış, onlara Qəbələnin tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı və yeni infrastrukturları haqqında ətraflı məlumat vermişdir.
İki gün davam edəcək forumda tərəflər arasında energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi, habelə turizm, investisiya qoyuluşu, eləcə də aqrar sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının araşdırılması və birgə sənədlərin
imzalanması gözlənilir.
Qonaqlar həmçinin, Qəbələ heyvandarlıq kompleksi və Qəbələ “Beltman” piano fabriki ilə də tanış olmuş, istehsal prosesini yaxından izləmişlər.
“Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları”mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu davam edir.

Keçidlər