Latviyanın Baş naziri Valdis Dombrovskisin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonunda olmuşlar.
Latviyanın Baş naziri Valdis Dombrovskisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri çərçivəsində noyabrın 29-da Qəbələ rayonunda olmuşlar. Nümayəndə heyəti rayonda mövcud olan bir sıra istehsal və emal müəssisələrində istehsal prosesini yaxından izləmiş, rayonun turizm obyektləri ilə tanış olmuşdur.Latviyalı qonaqlar Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanmışlar.
Rayon ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
Qəbələ Konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olan Baş nazir Valdis Dombrovskisin rəhbərlik etdiyi nümayəndə heyətinə məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Qonaqlar Qəbələ su və limonad zavoduna da baş çəkmiş, müəssisənin istehsal prosesi ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul - kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Sonra nümayəndə heyəti Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olan nümayəndə heyətinə məlumat verilmişdir ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılır.
Latviyalı qonaqlar Qəbələyə səfər zamanı "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə də tanış olmuşlar. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Səfərin sonunda qonaqlar Qəbələyə beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Latviyadan olan nümayəndə heyətində zəngin təəssürat yaratmışdır. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını ifadə etmişlər.