Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları rayonun istehsal müəssisələri və turizm obyektləri ilə tanış olmuşlar.

25 iyun 2014 | 03:00

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları rayonunun Vəndam qəsəbəsində fəaliyyət göstərən “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi ilə tanış olmuşlar. Onlara bildirilmişdir ki, bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmış, dünyanın ən mütərəqqi “Karusel” tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi qurğularla təchiz edilmişdir. Burada çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçmişlər.
Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə də ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında
müstəsna rol oynayır.
Rusiyalı qonaqlar Qəbələyə səfər zamanı “Gilan piano” MMC-nin “Beltmann” piano fabrikinə  gəlmişlər. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisədə  ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Qonaqlar beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar.
Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Rusiyadan olan nümayəndə heyətində zəngin təəssürat yaratmışdır. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmişlər. Səfər çərçivəsində nümayəndə heyəti  rayonun istehsal müəssisələrindən olan Qəbələ Konserv zavodunda, istehsal prosesini yaxından izləmişdir. Qonaqlara burada istehsal olunan məhsuların dünyanın 30 ölkəsinə ixrac olunduğu bıldırilmişdir.
Daha sonar forum iştirakçıları rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə də baş çəkmişlər. Kompleksdə atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrıldığı diqqətə çatdırılmış, müəssisənin bütün zəruri texniki inventarlarla təchiz olunduğu bildirilmişdir.  Forum iştirakçıları Qəbələ ilə tanışlıqdan məmnunluqlarını ifadə etmişlər.

Keçidlər