Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatmışdır.

25 iyun 2014 | 05:00

İyunun 23-24-də Qəbələdə “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu işini başa çatdırmışdır. Yekun plenar iclasda forumda keçirilən “dəyirmi masa” moderatorlarının hesabatları dinlənilmişdir. Forumda ümumilikdə kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlığın perspektivlərinə, humanitar əlaqələrə, nəqliyyat, energetikaya dair “dəyirmi masa”lar keçirilmişdir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, forum geniş mövzuları əhatə etmiş, səmərəli müzakirələr aparılmışdır.
Çıxış edənlər qeyd etmişlər  ki, Forum çərçivəsində iclaslarda turizm sahəsində yeni əməkdaşlıq imkanları, hər iki ölkənin turizm potensialı müzakirə edilmiş, kənd təsərrüfatı sahəsində təcrübəyə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə dair ətraflı fikir mübadiləsi aparılmış, şirkətlər tərəfindən müxtəlif təqdimatlar keçirilmişdir.
Eyni zamanda, Azərbaycan tərəfdən Mərkəzi Bankın və bir sıra kommersiya banklarının, Sahibkarlığa Kömək Milli Fondunun, Rusiya tərəfdən isə müxtəlif bankların nümayəndələrinin qatıldığı bankçılıq üzrə “dəyirmi masa”da Azərbaycan və Rusiya bankları arasında əməkdaşlığın inkişaf tarixi, əldə olunan nailiyyətlər, birgə həyata keçirilmiş layihələr və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. İclaslar çərçivəsində hər iki ölkənin sahibkarları əməkdaşlıq imkanlarını araşdırmışlar.
Bundan əlavə, tərəflər humanitar sahədə yüksək səviyyədə olan əlaqələri daha da genişləndirməklə bağlı fikir mübadiləsi aparmışlar. Azərbaycan və Rusiyanın energetika və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edilmiş, perspektivdə görüləcək işlərdən danışılmışdır. Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev qeyd etmişdir ki, forumun işini il ərzində dəstəkləmək lazımdır və bunun üçün seminarların keçirilməsinin mümkünlüyünü vurğulamışdır.
Sonda V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir Putinə müraciət qəbul etmişlər.
Müraciətdə deyilir ki, prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilmişdir və ölkələrimiz arasında əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.
Müraciətdə daha sonra deyilir: “Hər iki ölkədən parlament üzvlərinin, regionların, dövlət orqanlarının, özəl şirkətlərin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin inkişafının əsas istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılmışdır. “Dəyirmi masa”lar çərçivəsində müxtəlif sahələrdə Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının perspektivləri ətraflı müzakirə olunmuşdur”.
Forum iştirakçıları bildirmişlər ki, iş adamları hər iki ölkənin regionlarının potensial investisiya layihələri ilə tanış olmuş, qarşılıqlı faydalı və uzunmüddətli kooperasiya əlaqələrinin qurulması üçün birbaşa əlaqə yaratmaq imkanı əldə etmişlər. Sənəddə deyilir: “Forum çərçivəsində 6 idarələrarası saziş və 5 biznes-kontrakt imzalanmışdır.
Forumun tədbirləri mehriban və səmimi şəraitdə keçmişdir ki, bu da xalqlarımız arasında ənənəvi dostluq əlaqələrinə tam uyğundur”.
Forum iştirakçıları əmin olduqlarını bildirmişlər ki, bu cür tədbirlərin keçirilməsi liderlərimizin siyasi iradəsi və səyləri nəticəsində ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın möhkəmlənməsinə sanballı töhfə verir. Yekunda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev forumun iştirakçılarına təşəkkür etmiş, müzakirələrin səmərəli və işgüzar şəraitdə keçdiyini vurğulamışdır.
Nazir bildirmişdir ki, növbəti VI Rusiya-Azərbaycan Regionlararası Forum gələn il Rusiyanın Yekaterinburq şəhərində keçiriləcəkdir.

Keçidlər