Təhsil naziri Mikayıl Cabbarov Qəbələdə vətəndaşları qəbul etmişdir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
Iyun ayının 28-də Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarov Qəbələ Mədəniyyət Mərkəzinin akt zalında bölgə vətəndaşlarını qəbul etmişdir.
Nazir Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləmişdir. Müraciətlər əsasən ali təhsil, tələbələrin ali və orta ixtisas məktəblərindən digərinə köçürülməsi, məktəbdaxili kurs dəyişikliyi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri və sair məsələlərlə bağlı olmuşdur.
Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi olaraq dinləmiş, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar vermişdir. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.