Qəbələdə kikboksinq üzrə "Glory Ranked Fights" turniri ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Qəbələ Olimpiya Kompleksində təşkil olunacaq kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Yarışın baş meneceri Dennis Krauvell əvvəlcə "Qəbələ" İdman Klubu ilə əlaqələri barədə danışmışdır. O bildirmişdir ki, reytinq xarakterli döyüşlər keçirən "Glory" ilə əməkdaşlığa başlanılmışdır. Həmin əməkdaşlıq nəticəsində güclü idmançılar üzə çıxardıqlarını deyən Dennis Krauell onların beynəlxalq arenada kifayət qədər tanındıqlarını vurğulamışdır: "Çalışdıq ki, "Qəbələ" klubunda yetişən idmançıları da "Glory"yə cəlb edək. İlk növbədə, azərbaycanlı idmançıları yüksək səviyyəyə çatdırmağa çalışmalıyıq. Bir çox ölkədən müxtəlif döyüşçüləri bir araya gətirməyə çalışdıq. Bəziləri burada özlərini göstərərək yüksək səviyyəyə qalxmağa hazırdırlar".
Baş menecer Dennis Krauvell iyunun 29-da keçiriləcək yarışda tamaşaçıları bir-birindən maraqlı döyüşlərin gözlədiyini bildirmişdir. Onun sözlərinə görə, əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaq: Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan), Roman Mayılov (Ukrayna)-Matyuş Kopyek (Polşa), Quo Xianfenq (Çin)-Ramal Aslanov (Azərbaycan), Yuri Kel (Almaniya)-Telman Süleymanov (Azərbaycan), Teo Mikeliç (Xorvatiya)-Tadas Jonkus (Litva). Sonra isə ağır çəkidə olan idmançıların 4 döyüşü olacaq. Erkan Varol (Türkiyə)-Albert Kraus (Hollandiya), Camal ben Saddiq (Mərakeş)-Hesdi Greqes (Misir), Lim Çi Bin (Cənubi Koreya)-Mosab Amrani (Mərakeş), Jiao Fukai (Çin)-Pərviz Abdullayev (Azərbaycan).
"Qəbələ" İdman Klubunun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov klub nəzdində təkcə futbol deyil, digər növlərin də fəaliyyət göstərdiyini söyləmişdir. O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağını bildirmişdir. Səməd Nəsibov bütün döyüş iştirakçılarına uğurlar arzulamışdır.