Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarış başa çatmışdır

29 iyun 2014 | 07:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarış başa çatmışdır.
Azərbaycan Respublikası Fövqəladə  Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər. Əvvəlcə FHN-nin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov nazir, general-polkovnik Kəmaləddin Heydərova raport vermişdir. Sonra nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi çadır düşərgəsində bütün komandaların üzvləri ilə görüş keçirərək onların geyimi, fiziki və taktiki hazırlığı, və qidalanması üçün yaradılmış şəraitlə tanış olmuş, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanmışdır.
Komandalar şərti olaraq yük avtomobilində və yaşayış evində baş verən yanğının söndürülməsi, zəlzələ və torpaq uçqunu köməksiz qalan insanların xilas edilməsi əməliyyatını uğurla başa vurmuş, qısa vaxt ərzində yanğını dəf etməklə insanları müxtəlif vasitələrin köməyi ilə xilas etmişlər. Komandalar "Axtarış-xilasetmə işi" üzrə keçirilən mərhələdə kinoloqların dəstəyi ilə əməliyyatları nümayiş etdirmişlər. Sonra nazir Kəmaləddin Heydərov və Mikayıl Cabbarov “dəyirmi masa” ətrafında müxtəlif ölkələrdən gəlmiş gənc xilasedicilərin suallarını cavablandırmışlar. Onlar bildirmişlər ki, belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacaqdır. Əcnəbi gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün Azərbaycan Fövqəladə Hallar nazirinə təşəkkür etmişlər.
Sonra Qəbələ Mədəniyyət Mərkəzinin tamaşaçı zalında yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasim gənc xilasedicilərin səhhnələşdirdikləri və iştirak etdikləri təbii və texnogen mənşəli fövqəladə hallara dair kompozisiya ilə başlamışdır. Yarışlar haqqında FHN-nin hazırladığı video-çarx da nümayiş etdirilmişdir. Sonra yarışda iştirak edən yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etməsi mərasimə xüsusi rəng qatmışdır. 
Tədbirdə Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov, Təhsil Naziri Mikayıl Cabbarov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Qeyd edilmişdir ki, ölkəmizin müxtəlif bölgələrində keçirilmiş zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanmışdır. Məlumat verilmişdir ki, bu yarışın iştirakçısı olan 16 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Gürcüstandan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparmışdır. Sonda qalib komandalara mükafatları təqdim edilmişdir. Onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi olan Siyəzən rayon komandasına və beynəlxalq yarışların iştirakçısı olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan komandalarına mükafatları təqdim etmişdir. 
Məlumat verilmişdir ki, beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri isə Azərbaycan komandası tutmuşdur. Nazir Kəmaləddin Heydərov gənc xilasedicilərə uğurlar diləmişdir.

Keçidlər