Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə "Gabala Fight Series” kikboksinq turniri keçirilmişdir.

30 iyun 2014 | 09:00

“Qəbələ” İdman Klubunun təşkilatçılığı, Gənclər və İdman Naziriliyinin, eləcə də Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə ilk dəfə Qəbələ şəhərində təşkil olunan  "Gabala Fight Series" başlıqlı kikboks üzrə reytinq xarakterli döyüşlər gözlənildiyi kimi gərgin və maraqlı alınmışdır. Olimpiya İdman Kompleksində  tamaşaçı alqışları altında başlayan  möhtəşəm yarışı məşhur rinq anosçusu və şoumeni Aleksandr Zaqorski idarə edirdi.
İlk olaraq rinqə Azərbaycan kikboksçusu Rəhim Əliyev və Daniel Korbeanu (Rumıniya) çıxmışdır. 5 raund davam edən döyüşdə qalib rəqib idmançı olmuşdur. 2-ci görüşdə əslən azərbaycanlı olan Ukrayna rinq ustası Roman Mayılov polşalı Mateuş Kopieçi 3 hissənin yekununda məğlub etmişdir. Şou gecəsində maraqlı görüşlərdən biri həmyerlimiz Ramal Aslanovla çinli Guo Xianfenq arasında baş tutmuşdur. Rəqib cəld zərbələr endirsə də, kikboksçumuz ağır zərbələrlə məsələni elə ilk raunda xeyrinə həll etmişdir. Almaniyalı Yuri Kel də döyüşü vaxtından əvvəl başa çatdırdı. Telman Süleymanov (Azərbaycan) 2-ci hissədə nokautla uduzmuş, Xorvatiyalı Teo Mikeliçlə litvalı Tadas Yonkusun döyüşündə Teo qalib gəlmişdir. Sonra ən reytinqli – «Glory Ranked Fights» üzrə döyüşlər keçirilmişdir. Birinci rinqə Lim Çi-Bin (Koreya) ilə Mosab Əmrani (Mərakeş) çıxmış, gərgin mübazədə afrikalı idmançı elə ilk raunda rəqibini öncə noqdaun, sonra nokauta göndərmişdir. Qalibə kuboku gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etmişdir. Qeyd edək ki, Əmrani reytirnqdə 1-cidir. O, yarışdan bir gün öncə verdiyi açıqlamada, Azərbaycana öz liderliyini qorumaq üçün gəldiyini bildirmişdi. Növbəti döyüşdə Pərviz Abdullayevlə çinli Jiao Fukai qarşılaşmışdır. Dramatik keçən mübarizənin 2-ci hissəsində həmyerlimiz rəqibin qarın nayihəsinə tutarlı zərbə vuraraq onu nokauta salmışdır. Qalibə kuboku «Qəbələ» İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov vermişdir. Bu qələbə ilə idmançımız «Glory» seriyasına vəsiqə qazanmışdır. Yarımfinal qarşılaşmasında Ramal Aslanov ukraynalı  Roman Mayılovla üz-üzə gəldi. İlk hissə  idmançımızın üstünlü şəraitində keçmiş, növbəti 2 raundda da Ramal təşəbbüsü əldən verməmişdir. Hakimlərin yekun rəyi xeyrimizə olmuş, və kikboksçumuz xal hesabı ilə qələbə qazanmışdır. Yuri Kel ilə Teo Mikeliçin mübarizəsi isə uzun çəkmişdir. İlk 3 hissədə qalib müəyyənşmədiyindən, əlavə raundda Almaniyalı idmançı üstün hesab edilmışdir.
«Glory» seriyasında növbəti qarşılaşma Ərkan Varol (Türkiyə) ilə son çempion Albert Kraus (Niderland) arasında baş tutdu. 3 hissənin sonunda qalib holland idmançısı oldu. Ən ağır çəkili kikboksçuların döyüşündə Camal Ben Sadiq (Mərakeş) və Hesdi Greges (Misir) üz-üzə gəlmişdir. Döyüşdən əvvəl təşkil olunmuş təqdimat mərasimində bu idmançılar arasında gərginlik yaşanmışdı.  Bu gərginlik özünü rinqdə də göstərdi. Camal rəqibinə qaydalardan kənar - o yerdə ikən zərbə endirdiyi üçün, baş hakim tərəfindən döyüşdən kənarlaşdırılmışdır. Misirli idmançıya kuboku Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev təqdim etmişdir. Şou gecənin finalında Yuri Kel ilə Ramal Aslanov qarşılaşdılar. İlk 3 raundda idmançımız fəallıq göstərsə də, referilər əlavə hissəyə ehtiyac gördülər.  Nəticədə, Yuri yarışın qalibi olaraq, «Glory» seriyasına vəsiqə qazanmışdır. Ona mükafatları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev və peşəkar boksçu Fariz Məmmədov təqdim etmişdir.

Keçidlər