Qəbələ rayonunda Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü qeyd olunmuşdur.
2 iyul – Azərbaycanda Polis Günü münasibətilə Qəbələ rayonunda tədbir keçirilib. İlk öncə hüquq mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzi meydanındakı ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət ediblər. Daha sonra polis şöbəsinin əməkdaşları Heydər Əliyev Mərkəzinə baxış keçirmişlər. Burada əməkdaşlara dahi şəxsiyyətin həyat fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Sonda tədbir rayon polis şöbəsinin akt zalında davam etdirilmişdir. Toplantıda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı digər rəsmi şəxslər, veteran polislər iştirak etmişlər. Toplantıda çıxış edən Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Ehtibar Abduyev Azərbaycan polisinin peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib. Natiq çıxışında Azərbaycan polisinə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyi, hazırda da polis əməkdaşlarının əməyinin ölkə başçısı cənab İlham Əliyev tərfindən layiqincə qiymətləndirildiyi yığıncaq iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə çıxış edənlər polis işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, respublikada sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə asayiş keşikçilərinin müstəsna xidmətləri olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, hazırda Azərbaycan polisi ölkəmizdə təhlükəsizliyin, sabitliyin, asayişin qorunmasının etibarlı təminatçısıdır.
Sonda Rayon Polis Şöbəsi tərəfindən xidmətində fərqlənən bir qrup polis əməkdaşına, veteran polislərə diplom və fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub.