16 yaşadək uşaqlar arasında keçiriləcək VI Beynəlxalq Uşaq Muğam Festivalına seçim turu keçirilmişdir.
Son zamanlar ölkəmizdə mədəni irsimizin öyrənilməsi və təbliği ilə bağlı yüksək səviyyədə işlərin aparılmasına diqqət güclənmişdir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə görkəmli muğam ustalarımızın antalogiyasının işıq üzü görməsi, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə respublika Muğam Mərkəzinin yaradılması deməyə əsas verir ki, bu işlərin regionlarda aparılması da məqsədə uyğundur.
Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq Muğam Festivalının Bakı şəhərində keçiriləcək Final Mərhələsinə vəsiqə qazanmaq üçün 02 iyul 2014-cü il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində Şəki-Zaqtala bölgəsi üzrə (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən) seçmə turu keçirilmişdir. Seçmə turda yaşı 16-dək olan, Azərbaycan xalq mahnılarını və muğamlarını ifa etməyi bacaran uşaq və yeniyetmələr iştirak etmişlər.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək layihənin əsas məqsədinin gənc istedadların üzə çıxarılması, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır. Daha sonra “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə çıxış edərək respublika əhəmiyyətli bu layihənin formatı və məqsədi barədə iştirakçılara ətraflı məlumat vermişdir. Natiq seçmə turun keçirilməsində lazımı köməkliyə görə rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevə öz minnətdarlığını ifadə etmişdir.
Maraqlı və alqışlarla keçən müsabiqənin yekununda münsiflər heyətinin sədri Respublikanın Xalq Artisti Ağasəlim Abdullayev nəticəni elan etdi. Qeyd olundu ki, Qəbələ rayonunun Kiçik Əmili kənd sakini Mahmudov Rəsul və Qax rayon sakini Muxtarzadə Mövlud seçim turunun qalibi olaraq oktyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.