Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İsrail dövlətinin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Rafael Harpaz Qəbələ rayonuna səfər etmişdir.

06 dekabr 2012 | 16:00

İsrail dövlətinin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Rafael Harpaz Qəbələ rayonunda səfərdə olmuşdur. Rafael Harpaz rayonda mövcud olan bir sıra istehsal və emal müəssisələrində istehsal prosesini yaxından izləmiş, rayonun tarixi məkanları, səhiyyə və turizm obyektləri ilə tanış olmuşdur.
İlk öncə səfir rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. RİH başçısı tərəfindən diqqətə çatdırılmışdır ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir. Daha sonra qonaq rayon icra hakimiyyətinin inzibati binasında Heydər Əliyev guşəsinə baxış keçirərək ümummilli liderin həyat və fəaliyyətini əks elətdirən foto şəkillərlə yaxından tanış olmuşdur.
Səfər çərçivəsində səlahiyyətli səfir "Gilan piano" MMC-nin "Beltmann" piano fabrikində istehsal prosesi ilə tanış olmuşdur. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Daha sonra səfir Qəbələ Müalicə Diaqnostika Mərkəzinə gəlmişdir. Məlumat verilmişdir ki, əhaliyə yüksək səviyyədə səhiyyə xidmətləri göstərən Qəbələ Müalicə Diaqnostika Mərkəzi bir çox xəstəliklərin dəqiq müayinə və müalicəsini həyata keçirməklə bölgədə ilk dəfə olaraq ağır cərrahiyyə əməliyyatlarını reallaşdırmaqla insanlara şəfa vermişdir. Qeyd olunmuşdur ki, müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz edilmiş səhiyyə ocağı qısa müddətdə nəinki Qəbələ və ətraf rayonlarda, hətta respublikanın hər yerində insanların rəğbətini qazanmışdır.
Mərkəzin həkimləri respublikanın şəhər və rayondan müraciət etmiş vətəndaşlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirərək onlara sağlam həyat bəxş etmişlər. İldən-ilə bu xəstəxanaya müraciət edənlərin sayının artması dövlətimizin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının uğurlu nəticəsidir. Anesteziologiya, reanimasiya, stasionar, hemodializ, konsultativ poliklinika, şua-diaqnostika şöbələrinin və əməliyyat blokunun mövcud olduğu mərkəzdə insanların sağlamlığının keşiyində 150-dən çox həkim və tibb işçisi dayanır. Müalicə-diaqnostika mərkəzində bu günədək bölgədə ilk dəfə olaraq açıq ürək və göz əməliyyatları, böyrək transplantasiyası həyata keçirilmişdir
Rafael Harpaz su və limonad zavoduna da baş çəkmiş, müəssisənin istehsal prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul - kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Səfir Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksinə də baxış keçirmişdir. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən səfirin diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Daha sonra Rafael Harpaz rayonun Çuxur Qəbələ kəndində təqribən 2500 il yaşı olan qədim Albaniyanın — qədim Azərbaycanın paytaxt şəhəri olmuş antik ərazi ilə yaxından tanış olmuşdur. Qeyd olunmuşdur ki, Qədim Qəbələ şəhərinin qalıqlarını və onun ətrafında aşkar edilmiş bir çox arxoloji tapıntıları mühafizə etmək məqsədi ilə 1985-ci ildə burada 480 hektar sahəni əhatə edən Qəbələ tarix – mədəniyyət qoruğu yaradılmışdır. Məlumat verilmişdir bu sahənin imkanlarını və inkişaf perspektivini nəzərə alaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib. Diqqətə çatdırıldı ki, 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Qəbələdə beynəlxalq ekspedisiyaların birgə tədqiqatlar aparması istiqamətində bir çox işlər görmüşlər 2009-cu ildən isə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə ilk 13 nəfər azərbaycanlı mütəxəssis və 10 nəfər koreyalı mütəxəssislərdən ibarət Azərbaycan-Koreya arxeoloji ekspedisiya qrupu burada tarixi məkanın araşdırılması istiqamətində çox böyük nailiyyətlərə imza atmışlar.
Səfərin sonunda Rafael Harpaz rayonda yaradılmış müasir turizm obyektlərindən "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, "Fitnes" istirahət-sağlamlıq mərkəzi, ilə də tanış olmuşdur. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri səlahiyyətli səfirdə zəngin təəssürat yaratmışdır.
 

Keçidlər