“Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzinin konfrans zalında Qəbələ rayon icra hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayonun müxtəlif idarə və müəssisələrində çalışan 45-dək fəal gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon komissiyanın üzvü Fəxri Soltanov tədbir iştirakçılarını salamlayaraq dəyirmi masanın keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa, onları ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. Məruzəçi çıxışı zamanı narkomaniyaya qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası məqsədilə Sərəncam imzaladığını və bu sərəncamdan irəli gələn vəzifələrin daim diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Fəxri Soltanov çıxışında hal-hazırda Qəbələ rayonunda qeydiyyatda olan narkotik istifadəçilərinin sırasında yeniyetmə və gənclərin olmadığını, lakin buna baxmayaraq Qəbələ rayon Gənclər və İdman İdarəsi narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməklə, gənclər arasında bu kimi zərəli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə görülən işlərdən və keçirilən tədbirlərdən danışdı.
Daha sonra rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Cavanşir Məlikov çıxış edərək bildirdi ki, Qəbələ rayonunda narkoloji xidmət MRX-nin poliklinika şöbəsindəki narkoloji kabinet tərəfindən aparılır, hal-hazırda narkoloji kabinetdə 45 nəfər narkoloji xəstə dispanser qeydiyyatda olduğunu və bütün xəstələrin Respublika narkoloji mərkəzində müayinə olunduğunu bildirdi. Cavanşir Məlikov bu sahədə MRX tərəfindən əhali arasında səhiyyə maarifi işləri, söhbətlər aparıldığını, mühazirələr oxunaraq mətbuatda məqlələr dərc edildiyini bildirdi.
Rayon Təhsil şöbəsi Metodkabinetin rəhbəri Arifə Bayramova çxışında təlim-tərbiyyə müəssisələrində, məktəblərdə müntəzəm olaraq aidiyyəti təşkilatlarla birlikdə uşaq və yeniyetmələr arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizmi üçün zərərli nəticələri və belə hallara qarşı aparılan profilaktika tədbirləri barədə danışaraq bildirdi ki, qeyri-sağlam həyat tərzinə səbəbi olan zərərli vərdişlərin qarşısının alınmasında idman ən mühüm vasitədir. Arifə Bayramova idmanda aktivliyin məktəblilərin həyat qabiliyyətlərinin inkişafını təmin etməsi, onların sağlam həyat tərzi ilə bağlı maariflənməsinə müsbət təsir göstərməsi, beləliklə onların zərərli vərdişlərdən, qeyri-sağlam həyat tərzindən uzaq olmağa kömək edəcəyindən danışdı.
Tədbirin sonunda dəyirmi masa iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallara cavab verilmişdir.