Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı tamaşaçılara bir-birindən gözəl konsertlər təqdim etməkdə davam edir.

25 iyul 2014 | 03:00

Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi böyük əks-səda doğuran VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.
Musiqi axşamında tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə çıxış etdilər.
Konsertdə müxtəlif nüfuzlu beynəlxalq festivalların iştirakçıları, mötəbər yarışmaların qalibləri – gənc istedadlı pianoçu Aslan Aslanovun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Kənan Mayılovun, violonçel ifaçısı Murad İbrahimovun səsləndirdikləri əsərlər də tamaşaçıların zövqünü oxşadı.
Musiqi axşamında Frederik Şopenin, Sergey Raxmaninovun, Pyotr Çaykovskinin, Dmitri Şostakoviçin, Qara Qarayevin, Fikrət Əmirovun, Cövdət Hacıyevin, Tofiq Quliyevin əsərləri səsləndirildi.
Daha sonra Festivalın proqramına uyğun olaraq Üzeyir Hacıbəyli adına Dövlət Simfonik orkestri açıq səhnədə tamaşaçılara növbəti konsert proqramını təqdim edib.
Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutan konsertdə orkestrin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.
Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərova, bir sıra nüfuzlu beynəlxalq müsabiqələr laureatı Murad Abbasov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Gənclər Kamera orkestrinin konsertmeysteri, skripka ifaçısı Ümidə Abbasova çıxış ediblər.
Orkestrin müşayiəti ilə musiqiçilər Arif Məlikovun, Musa Mirzəyevin, Arif Mirzəyevin, Leyla Qafarzadənin, Lalə Cəfərovanın əsərlərini ifa edərək gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapdılar.

Keçidlər