Moskvadan Qəbələyə təşkil edilən yeni aviareyslər bölgədə turizmin inkişafına böyük təkan verəcək.
Rusiyanın “Metrojet” Aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
İyulun 24-də axşam saatlarında Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanması münasibətilə keçirilən tədbirdə Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, “Metrojet” aviaşirkətinin Baş direktoru Mordvinçev Sergey Petroviç, şirkətin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Rəhim Əliyev, “Qlobus” turizm şirkətinin rəhbəri, “Metrojet” aviaşirkətinin Azərbaycandakı tərəfdaşı Eldəniz Səfərov və başqaları iştirak edirdilər.
Qarşilanma mərasimində məlumat verilmişdir ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 20:30-də Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində ümumilikdə 180 sərnişin olub. Sərnişinlərin əksəriyyəti Azərbaycan və Rusiya vətəndaşları, eləcə də yerli və xarici iş adamları, əcnəbi turistlər olub. Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də təkrar olaraq Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 175 sərnişin olub. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcəkdir.
Qarşılanma mərasimində qeyd olunmuşdur ki, “Metrojet” şirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın dıgər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” aviaşirkəti “Qlobus” turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir.
Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasında əsas məqsəd sərnişinlərə xidmət etməklə yanaşı, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qəbəldə, şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.
Çıxışlarda qeyd edilib ki, bu günədək Qəbələ Beynəlxalq Hava Limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sank-Peterburq, Moskva-Qəbələ, Bakı-Qəbələ aviareysləri həyata keçirilir. 2012-ci ilin noyabrından bugünədək Moskva-Qəbələ və Qəbələ-Moskva-Sankt-Peterburq marşrutu üzrə həyata keçirən müntəzəm aviareysləri isə Rusiyanın “EK.Alyans” Aviaşirkəti təşkil edir.