VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir kamera musiqisi axşamı və tanınmış pianoçu Oksana Yablonskayanın çıxışı alqışlarla qarşılandı.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq sona çatmaqdadır.
Festivalın proqramına uyğun olaraq iyulun 31-də tanınmış türkiyəli pianoçuların müşayiəti ilə növbəti maraqlı konsert proqramı təqdim edildi.
Konsertdə tamaşaçılar tərəfindən hərarətlə qarşılanan türkiyəli pianoçular Bahar və Ufuk Dördüncü dueti Sergey Prokofyevin, Moris Ravelin əsərlərini təqdim etdi.
Daha sonra festivalın proqramına uyğun olaraq günün ikinci yarısı Yohannesburq Simfonik Orkestrinin daha bir konserti oldu.
“Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirdi.
Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa etdi. Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.