Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Saatlı və Sabirabad şagirdləri ölkəmizin dilbər güşəsi olan Qəbələyə səfər etmişlər.

15 avqust 2014 | 03:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının orta məktəblərində təhsil alan IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə tur-aksiyanın iştirakçısı olan Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri avqustun 14-də Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli güşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektlərlə tanış oldular. İki rayonu təmsil edən 80 nəfər məktəbli əvvəlcə tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə etdilər. Onlara məlumat verildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış oldular. “Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırıldı ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verildi. Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxdılar. Məlumat verildi ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin, şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış oldular.
Saatlı və Sabirabaddan gələn şagirdlər Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış oldular.

Keçidlər