Qəbələdə dünyanın tanınmış atıcılarının Beynəlxalq Qran-pri yarışları keçirilir.
Avqustun 15-də Qəbələ rayonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarının rəsmi açılış mərasimi keçirilmişdir. Bum qəsəbəsində inşa edilən stend və ox atıcılığı kompleksində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışmışlar.. Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə idmanın bu növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-pri yarışları avqustun 21-dək davam edəcək. Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edirlər. Ölkəmizi bu yarışda olimpiya çempionu Zemfira Meftahəddinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova və başqaları təmsil edəcəklər. Ümumilikdə 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar. Yarışlara avqustun 16-da start verilmişdir. Açılış mərasimindən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunmuşdur. Mərasim atəşfəşanlıqla başa çatmışdır.