İmişli və Beyləqan rayonlarının məktəbliləri Qəbələdə.
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən layihə çərçivəsində İmişli və Beyləqan rayonlarının məktəbliləri avqustun 16-da və 17-də rayonumuzda olmuşlar. Məktəblilərin səfərlərinin məqsədi Qəbələnin tarixi-mədəni abidələri, turizm obyektləri və muzeyləri ilə, rayonda aparılan geniş abadlıq və quruculuq işləri ilə tanış olmaqdır.
Əvvəlcə məktəblilər rayon tarix-diyarşünaslıq muzeyinə gəlmiş, Qəbələnin zəngin və çox əsrlik tarixi haqqında ətraflı məlumatlar almışlar. Sonra Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Mərkəzdə Ümumimilli Liderimizin həyatı fəaliyyəti haqqında onlara geniş məlumat verilmişdir.
Rayonun istehsal müəssisələrinə baxış keçirən tur iştirakçıları dünya şöhrətli “Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış
olmuş, milli musiqimizdən parçalar dinləmişlər. Turizm sektoru ilə maraqlanan məktəblilər beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otellərində, “Fitnes” istirahət-sağlamlıq mərkəzində, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində olmuş, kanat yolu vasitəsilə ən yüksək zirvədən Qəbələ şəhərini seyr etmiş, xatirə şəkilləri çəkdirmişlər.Onlara həmçinin rayonda yaradılan müasir turizm infrastruktu, bölgənin füsunkar təbiəti ilə bağlı ətraflı məlumatlar verilmişdir.
Məktəbli şagirdlər qədim tariximizi, mədəniyyətimizi özündə bu gün də yaşadan Çuxur Qəbələ Tarix Bədii Qoruğunda olmuş, orada aprılan qazıntı işləri tanış olmuş, uzun əsrlər Qafqaz Albaniyasının paytaxti olan qədim Qəbələ haqqında dərsliklərdən oxuduqları məlumatları əyani şəkildə zənginləşdirmişlər.
Səfərinin sonunda Nic qəsəbəsinə gələrək burada yaşayan udi etnosu haqqında verilən məlumatlara çox böyük diqqətlə qulaq asmışlar.