Ümumtəhsil məktəblərində mülki müdafiə dərslərinin tədrisinə dair təlim metodiki seminar keçirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsi sentyabr ayının 9-da Qəbələ Rayon Mədəniyyət Mərkəzində ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün seminar keçirmişdir.
Yuxarıda qeyd olunan siniflərdə mülki müdafiə dərsləri tədris olunduğuna görə şagirdlərə zəlzələ, yanğın və sair hallar baş verdikdə necə hərəkət etmək lazım gəldiyi barədə zəruri qaydaların öyrədilməsi istiqamətində müəllimlərə təlimat verilmişdir.
Seminarın keçirilməsində məqsəd də həmin siniflərdə dərs deyəcək müəllimlərə ətraflı metodiki kömək göstərməkdən ibarət idi. Seminarı giriş sözü ilə Qəbələ Rayon Təhsil Şöbəsi müdirinin müavini İxtiyar Hüseynov açmışdır. Sonra Şamaxı Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəisi polkovnik leytenant Faiq Əhmədov çıxış edərək ümumtəhsil məktəblərində şagirdlərə fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsinin çox vacib olduğunu bildirmiş və bu sahədə müəllimlərin, məktəb rəhbərlərinin üzərinə düşən vəzifəni geniş izah etmişdir.
Seminarda regional şöbənin əməkdaşı baş leytenant Asim Atakişiyev, mülki müdafiə kursunun mütəxəssisi Zahir Yaqubov mövzu ilə əlaqədar geniş məlumat vermişlər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmış, mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.