Mədəniyyət və turizm naziri Qəbələdə vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşların qəbulunu keçirirlər. Sentyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarının sakinləri ilə görüşmüşdür.
Görüşdən öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələ şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər qızılgül dəstələri qoymuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin elektron poçt ünvanı, elektron xidmətlər saytı, telefon məlumat sistemi vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmış 40 nəfərədək vətəndaş nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndirmişlər.
Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də sakinlərin müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə muzeylərin yaradılması, el sənətkarlığının inkişafına, mədəni irsin təbliğinə, xatirə tədbirlərinin keçirilməsinə, turizmlə bağlı təşəbbüslərə köməklik göstərilməsi, eləcə də işlə təmin olunma və digər sosial məsələlərlə bağlı olmuşdur.
Qəbələ rayonunda xalq sənətkarlarının xaricdə sərgilərdə iştirakına,Oğuz rayonunun Baş Daşağıl kəndində xalçaçılığın inkişafı üçün avadanlığın alınmasına, Şamaxı rayonunun Dəmirçi kəndində qədim məscidin bərpasına köməklik göstərilməsi xahiş edilib. Qədim Qəbələ şəhərinin tarixi və Qəbələ tarix-mədəniyyət qoruğu ərazisində aparılan arxeoloji tədqiqatlarla bağlı konfransın keçirilməsi təklifi də səsləndirilmişdir.
Nazir həmçinin vətəndaşların İsmayıllı və Oğuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri üçün yeni binanın tikilməsi, Şamaxıda etnoqrafiya muzeyinin yaradılması, Oğuz şəhərində rəsm qalereyasının açılması barədə xahişlərini dinləmişdir. Qobustanda Aşıq Xanışın xatirəsinin əbədiləşdirilməsi, Qəbələ xalq teatrına "dram teatrı" statusunun verilməsi barədə müraciətlər edilmişdir.
Regionlarda turizmin inkişafı ilə bağlı məsələlər də diqqət mərkəzində olmuşdur. Qədim Ağsu şəhərinin yerində yaradılmış arxeoloji muzey kompleksinin turizm marşrutuna daxil edilməsi, Qobustan rayonunda turizm kollecinin açılması barədə xahiş və təşəbbüslər səsləndirilmişdir.
Nazir Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində əhali ilə belə görüşlərin yerlərdə vəziyyətin öyrənilməsi, mövcud problemlərin
operativ həlli baxımından əhəmiyyətini qeyd etmişdir. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, imkan daxilində həlli istiqamətində tədbirlər görüləcəyini bildirmişdir.
Müraciətlərdə bir sıra aktual məsələlərin, o cümlədən bölgədə turizmin inkişafı, tarixi-mədəni irsin tədqiqi və təbliği ilə maraqlı təkliflərin olduğunu qeyd edən nazir vətəndaşların təşəbbüskarlığını müsbət qiymətləndirmiş, gələcəkdə bu mövzularda xüsusi müşavirələrin keçirilə biləcəyini demişdir. Nazir qəbulda sosial məsələlərlə bağlı səslənən müraciətlərə də baxılacağını və həllinə köməklik edilməsi üçün aidiyyəti instansiyalara çatdırılacağını bildirmişdir.