IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Qəbələ rayonuna gəlmişlər.
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından olan bir qrup nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişlər. Qəbələ Beynəlxalq Hava Limanında qarşılanan nümayəndə heyətinə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar.
Bildirilmişdir ki, öz füsünkar gözəlliyi ilə təbiət qoynunda yerləşən bu rayon respublikaya dincəlmək üçün gələn turistlərin maraq doğurduğu bölgələrdən biridir. Burada inşa olunan müasir sənaye müəssisələri, yaradılan turizm sektoru rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin məhz Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyi və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Daha sonra nümayəndə heyəti rayonun tarixi mədəni abidələri, istehsal müəssisələri və turizm infrastrukturu ilə yaxından tanış olmuşlar.