Qazaxıstan Respublikası Baş Nazirinin müavini Krımbek Kuşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir
Qazaxıstan Respublikası Baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində yanvarın 10-da Qəbələ rayonuna gəlmişdir. Nümayəndə heyəti Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanmışlar. Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
Qonaqlar əvvəlcə rayonunun Ovculu kəndində yeni istifadəyə verilmiş iri buynuzlu heyvandarlıq kompleksinin fəaliyyəti ilə tanış olmuşlar. Orada məlumat verilmişdir ki, 2012-ci ilin noyabrında fəaliyyətə başlayan kompleksdə 660 baş inək və düyə bəslənilir. Rayonda heyvandarlığın inkişafı üçün Avstriyadan gətirilən cins inəklərin hamısından yaxın vaxtlarda yeni balaların əldə edilməsi gözlənilir. Qəbələ Konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olan Baş Nazirin müavini Krımbek Kuşerbayev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Qonaqlar Qəbələ limonad zavoduna da baş çəkmiş, müəssisənin istehsal prosesi ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul-kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir. Sonra nümayəndə heyəti Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonaqların diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Qonaqlar Qəbələyə səfərin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Qazaxıstandan olan nümayəndə heyətində zəngin təəssürat yaratmışdır. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını ifadə etmişlər.