Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində 9 ayın yekunları müzakirə olunmuşdur.

15 oktyabr 2014 | 15:00

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərlə bağlı həmin dövürdə Qəbələ rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair RİH başçısı yanında Şuranını geniş iclası keçirilmişdir.
İclasda rayonun idarə, müəssisə, hüququ-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimai təşkilatların təmsilçiləri iştirak etmışlər.
Yığıncaqda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev rayonda 2014-cü ilin 9 ayında sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məruzə etmişdir.
Hesabat məruzəsində rayon rəhbəri bildirmişdir ki, ilin əvvəlindən iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 216.550 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə (212.735 min manat) nisbətən 3.815 min manat, yaxud  1,8 faiz çox olmuşdur.
Eləcə də keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə   128 min manat, yaxud 0,9%, kənd təsərrüfatında 1.210 min manat, yaxud 2,5 faiz,  tikintidə 1.101 min  manat, yaxud 0,9 faiz, nəqliyyatda 149 min manat, yaxud 6,1 faiz, rabitədə 30 min manat, yaxud 4,8 faiz,  ticarətdə 1.197 min manat, yaxud 5,3 faiz artmışdır.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 60,7 faiz təşkil etmişdir.
9 ay ərzində sənaye müəssisələrində çalışan  793 nəfər işçinin orta aylıq nominal əmək haqqı 397 manat təşkil etmişdir ki, bu da əvvəlki illə  müqayisədə 4,5 faiz çox deməkdir.
2003-cü ilin oktyabr ayından 01.10.2014-cü ilədək 12.443 yeni iş yeri açılmışdır. Bu iş yerlərinin 10.395-i daimi iş yeridir. 9 ayda isə 640 yeni iş yeri açılmışdır.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 129.423 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 128.211 min manat təşkil etmişdir. Əvvəlki  illə (128.517 min manat) müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi  906 min manat, yaxud 0,7 faiz artmışdır.
Rayonun yerli gəlirləri 2014-cü ilin 9 ayında  7.279,2 min manat proqnoza qarşı 7.394,3 min manat (102 faiz) və ya 115,1  min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 7.892,3 min manat dürüstləşdirilmiş proqnoza qarşı 7.890 min manat (99,97 faiz) və ya 2,3 min manat az, yerli xərcləri dürüstləşdirilmiş 15.171,5 min manat proqnoza qarşı 14.646,8 min manat   (97 faiz) və ya 524,7 min manat az icra olunmuşdur.
Rayonun yerli xərcləri təhsil xərcləri üzrə 345,9 min manat, səhiyyə xərcləri 46,2 min manat, icra hakimiyyəti orqanlarının saxlanması xərcləri 107,7 min manat, mədəniyyət xərcləri 8,7 min manat, digər  xərc maddələri üzrə 16,2 min manat  olmaqla, ümumilikdə    9 ay üzrə 524,7 min manat təyinatdan az icra olunmuşdur.
Yerli xərclərin 524,7 min manat təyinatdan az icra olunmasının səbəbi bəzi xərc maddələri üzrə faktiki icranın tam yerinə yetirilməməsi olmuşdur. Müəyyən edilmiş bölgü üzrə 9 ayda vəsaitin düzgün proqnozlaşdırılmaması səbəbindən bütün xərclər üzrə  təyinatdan az xərcələnmişdir.
Yerli gəlirlər üzrə proqnozlaşdırılmış 10 növ gəlirdən 2-si – əlavə dəyər vergisi və sair daxilolmalar üzrə proqnoz tapşırıqlar kəsrlə yerinə yetirilərək qeyd olunan gəlirlər üzrə büdcəyə 410,1 min manat az vəsait daxil olmuşdur. Digər növ gəlirlər üzrə  525,2 min manat çox vəsait daxil olaraq rayonun gəlirləri ümumilikdə 115,1 min manat çox yerinə yetirilmişdir. Yerli büdcənin hesabında 01 oktyabr 2014-cü il tarixə 637,5  min manat vəsait qalığı yaranmışdır.
Ötən müddət ərzində əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
9 ay ərzində bütün növ istehlakçı qruplar tərəfindən 74.820,9 min kvt/saat elektrik enerjisi istehlak edilmiş, 4.489,3 min manata qarşı 4.070,0 min manat vəsait toplanaraq  9 aylıq yığım planı 90,7 faiz yerinə yetirilmişdir. Həmin göstərici büdcə təşkilatları üzrə 67,9 faiz, dövlət müəssisələri üzrə 68,4 faiz, ticarət xidməti üzrə 92,1 faiz, özəl sənaye üzrə 92,2 faiz, əhali qrupu üzrə isə 89,9 faiz olmuşdur.
2014-cü ilin ötən dövrü ərzində 26 ədəd 10/0,4 kV-luq transformator yarımstansiyası təmir edilmiş, 12-i isə dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Eləcə də həmin dövrdə Nohurqışlaq, Tüntül, Yengicə və Mirzəbəyli, Çuxur Qəbələ, Dizaxlı, Çarxana avtomobil yollarının kənarında elektrik dirəkləri yenilənmiş və yeni elektrik hava verilişi xətləri çəkilmişdir. 
Cari ilin 9 ayında qaz istehlakçıları tərəfindən 27.474,8 min kub/metr təbii qaz istehlak edilmiş, istehlak edilmiş, qaza görə proqnozlaşdırılmış 2.747,5 min manata qarşı  2.788,1 min manat vəsait toplanaraq   ümumi yığım məbləği 101,5 faiz təşkil etmişdir.
Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər tamamlanmış, 2-ci mərhələ üzrə tikinti işləri davam etdirilmişdir. “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənmiş, qurğularda cari təmir işləri görülmüşdür. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilmiş, təmir-bərpa işləri aparılmışdır. Hərbi şəhərcikdə, qaçqın şəhərçiyində və beşmərtəbəli yaşayış binalarının qarşısındakı artezian quyularında nasoslar dəyişdirilmiş, Elçin Kərimov küçəsində yeni artezian quyusu qazılmışdır. Ötən 9 ay ərzində rayonun Qaradeyin, Aydınqışlaq, Dizaxlı və Soltannuxa kəndlərində yeni subartezian quyuları qazılmış, 65 ədəd artezian quyularında isə təmir işləri aparılmışdır. İlin əvvəlindən 202 min manat dəyərində  su və kanalizasiya xidməti göstərilmiş, həmin məbləğin 94 faizi istehlakçılardan yığılmışdır.
Qəbələ rayon 11 saylı Yol İstismar İdarəsi tərəfindən 2014-cü ilin 9 ayında   446,7 min manatlıq  cari təmir və yolların saxlanması işləri görülmüşdür.
  Qəbələ Telekommunikasiya qovşağı cari ilin ötən dövrü ərzində 902 min manat tarif gəliri proqnozuna qarşı 903,9 min manat gəlir əldə etmiş, proqnoz tapşırığına   100,2 faiz əməl etmişdir.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,0 faiz, yəni   132,8 min manat artıq gəlir əldə olunmuşdur. Bununla yanaşı Qəbələ şəhərində, Çuxur Qəbələ, Çarxana, Mirzəbəyli, Nohurqışlaq və Yengicə kəndlərində 15380 p/m yeraltı rabitə xətti çəkilmişdir. Eləcə də xeyli təmir işləri görülmüş, Mirzəbəyli, Tüntül, Nohurqışlaq kəndlərində 166 rabitə dirəyi basdırılaraq 7800 metr rabitə xətti yenilənmişdir.
“Azərpoçt” MMC-nin Qəbələ filialı 2014-cü ilin 9 ayı ərzində  160,2 min manata qarşı  160,6 min manatlıq poçt-rabitə xidməti göstərərək  proqnoz  tapşırığına 100,2 faiz yerinə yetirmişdir. “Maliyyə xidmətlərinin İnkişafı Layihəsi” çərçivəsində struktur islahatları aparılmış, poçt filialı və poçt şöbələri avtomatlaşdırılmışdır.
Qəbələ Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində hazırda 3.424 hərəkətdə olan sosial müavinət və təqaüd işi vardır. Həmin müavinətlərin və təqaüdlərin ödənilməsi üçün tələb olunan vəsaitin orta aylıq məbləği 249,3 min manat təşkil edir. 9 ay ərzində 89 nəfər 18 yaşadək əlil uşağa, 167 nəfər I, II və III qrup əlillərə, 13 ailənin 23 uşağına ailə başçısını itirməyə, 6 nəfərə qocalığa görə aylıq müavinət təyinatı aparılmışdır. Bundan başqa 1033 ailənin 1114 uşağına uşağın anadan olmasına görə, 27 nəfərə dəfn üçün birdəfəlik müavinət ödənilmişdir. 550 ailəyə ünvanlı sosial yardım,  həmin ailələrdən   1 yaşadək uşağı olan 43 ailənin 46 uşağına isə müavinət təyin edilmişdir. Hazırda mərkəzdə 781 hərəkətdə olan ünvanlı sosial yardım işi vardır.
Dövlət Sosial Müdafiə Fondunun Qəbələ Rayon Şöbəsi tərəfindən 2014-cü ilin 9 ayının yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 5102,2 min manata qarşı   5238,5 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq,  proqnoz tapşırığa 102,7 faiz əməl olunmuşdur. 9 ay ərzində 695 sığortaedən qeydiyyata alınmışdır ki, bunlardan 25-i hüquqi, 554-ü fiziki şəxs, 116-sı isə torpaq mülkiyyətçisi olmuşdur.  1 oktyabr 2014-cü il  vəziyyətinə şöbə üzrə 11.577 pensiya işi üzrə 11.893 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Hesabat dövründə pensiyaçılara ümumilikdə     15.937,5 min manat pensiya ödənilmiş,  orta aylıq pensiya məbləği  1.765,6 min manat, bir pensiya işi üzrə isə orta aylıq pensiya məbləği 152 manat 51 qəpik təşkil etmişdir.
Qəbələ rayon Məşğulluq Mərkəzində 9 ay ərzində işsiz və işaxtaran kimi 418 nəfər vətəndaş qeydiyyata alınmış, onların 13 nəfərinə işsizlik statusu verilmişdir. Qeydiyyatdan keçmiş 418 nəfərdən 198 nəfəri müvafiq işlə təmin edilmişdir.  9 ay ərzində biri əlil olmaqla 3 nəfər vətəndaş kvota üzrə, 5 nəfər işaxtaran vətəndaş isə 1 ay müddətinə haqqı ödənilən ictimai işlə təmin olunmuşdur. 9 ay ərzində qeydiyyatdan keçmiş qeyri-məşğul əhalidən 5 nəfəri qadın olmaqla 16 nəfər kompüter mühasibliyi peşə kursuna cəlb edilmişdir ki, onlardan 8 nəfəri kursu bitirdikdən sonra işlə təmin olunmuşdur.
Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, kənd təsərrüfatının suvarma suyu ilə təminatı üçün suvarma kanalları 379 min kub/metr lildən,  daşqın və selə qarşı mübarizə məqsədilə 789 min kub/metr çay məcrası daş və qumdan təmizlənmiş,    227 kub/metr qabion bəndi vurulmuş, 2588  kub/metr daş beton bəndi cari təmir edilmişdir. 11,9 min manata qarşı 12,3 min manat su pulu yığılaraq tapşırığa 104 faiz əməl olunmuşdur.
Hesabat dövründə Mirzəbəyli – Çuxur Qəbələ - Dizaxlı – Çarxana avtomobil yolunun tikintisi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı alayının, Gilan-Qida Şəhərciyinin, kartof soyuducu anbarının, Çuxur Qəbələ kəndində Arxeleoji Araşdırmaların Tədqiqatı Mərkəzinin, Qafqaz-Yengicə  Thermal Hotel və SPA kopleksinin, Yengicə kəndində 80 şagirdyerlik və Zirik kəndində 220 şagirdyerlik ümumi orta məktəb binalarının tikintiləri başa çatdırılmış, Böyük Pirəli kənd tam orta məktəbi isə əsaslı təmir olunmuşdur.
Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı 324 p/metrlik dəmir – beton körpüdə, “Aquapark” istirahət kompleksində, “Qolf-klub” kompleksində, “Tufandağ” dağ-xizək yay-qış istirahət kompleksində, hərbi xidmətə cağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin inzibati binasında, 3 ulduzlu otel binasında, rayon məhkəməsinin inzibati binasında, Savalan kəndindəki Raftinq Mərkəzində, Laza sərhəd zastavasında, Nohur gölü sahilində sanatoriya kompleksində, Gömrük Akademiyasında, “Asan” xidmətin Qəbələ rayon filialında, Atıcılıq və Atcılıq mərkəzlərində, YAP Qəbələ Rayon Təşkilatının və  kənd təsərüfatı idarəsinin inzibati binalarında tikinti-quraşdırma işləri davam etdirilir. Yeni inşa olunmuş şəhər 5 saylı tam orta məktəbin binasında son tamamlama işləri görülür.
Məlumat üçün bildirirəm ki, 2014 –cü ildə Qəbələ Peşə Məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxana kompleksinin, Xarici Dillər Universtetinin Qəbələ Filialının, yeni yaşayış şəhərciyinin, Yengicə su anbarının, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırılığı Cəmiyyəti” MMC Qəbələ Rayon Şöbəsinin inzibati binasının, Soltannuxa kəndində 35/10 kv-luq və Qəbələ şəhərində 110/35/10 kv-luq elektrik yarımstansiyalarının, Turizm Akademiyasının, Qəbələ şəhərində 2 ədəd 100 yerlik uşaq bağçasının və Qəbələ Rayon Prokurorluğunun inzibati binası kimi obyektlərin tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Ötən 9 ay ərzində Qəbələ şəhərində  abadlıq işləri davam etdirilmiş, şəhərin Həzi Aslanov və “Sahil” küçələrində bu işlər tam başa çatdırılmışdır. Keçmiş hərbi şəhərciyin ərazisindəki 5 mərtəbəli yaşayış binalarının istilik, su-kanalizasiya sistemlərində, damlarında və pilləkən qəfəslərində əsaslı təmir işləri aparılmışdır.
Qəbələ şəhərinin Həzi Aslanov və Sahil küçələrində 4,2 hektar ərazi yaşıllaşdırılaraq həmin ərazilərdə 40.000 manat dəyərində dekorativ ağac və gül kolları əkilmişdir. Hazırda şəhərin Seyid Əzim Şirvani və İsmət Qayıbov küçələrində abadlıq işləri davam etdirilir.
2013-2014-cü dərs ilini təhsil müəssisələri də yüksək nəticələrlə başa vurmuş, ümumtəhsil məktəbləri üzrə müvəffəqiyyət faizi 99,7 faiz, keyfiyyət göstəricisi 63,8 faiz, XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri isə 71.4 faiz olmuşdur. Bunlar da Respublika miqyasında yüksək göstəricilərdir.
Tam orta təhsil kursunu bitirən 1381 nəfər şagirddən 810 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onlardan 534 nəfər ali məktəblərə qəbul olunmuşdur. Bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur. Ali məktəblərə qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Təhsil sisteminin informasiylaşdırılması sahəsindəki işlər 2014-cü ilin 9 ayı ərzində də davam etdirilmiş, 56 ədəd kompüter alınaraq bölgü əsasında məktəblərə verilmişdir. Hazırda təhsil müəssisələrində olan kompüterlərin sayı 570-ə çatmışdır. Bununla da hər   20 nəfər şagirdə bir kompüter düşməsi haqqında dövlət proqramı Qəbələ məktəblərində artıq həyata keçirilmişdir.  Rayonun 11 məktəbi internet şəbəkəsinə qoşulmuş, 6 məktəbin sistemə qoşulması üçün isə hazırlıq işlərinə başlanılmışdır. 5 tam orta məktəbin, o cümlədən təhsil şöbəsinin xüsusi saytı açılmışdır.
Qəbələ rayon  Mədəniyyət və Turizm  Şöbəsi  tərəfindən 2014-cü   ilin 9 ayı ərzində   tarixi hadisələr, yubileylər və əlamətdar günlərin  qeyd  olunması  istiqamətində  xeyli işlər görülmüşdür. 
Avqustun 14-dən 16-dək Dağıstan Respublikasında keçirilən ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalında  Azərbaycanı Qəbələ rayonunun incəsənət ustaları təmsil etmişlər.
Ötən rübdə rayonumuzda keçirilən II Qəbələ Mürəbbə Festivalında 21 rayonun şirniyyat ustaları iştirak etmişlər. Eləcə də Qəbələnin “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunmasına həsr edilmiş “Əfsanələr Diyarı Qəbələ” mövzusunda dəyirmi masa və silsilə tədbirlər hazırlanaraq həyata keçirilmişdir.
Qəbələdə 17 mehmanxana və  mehmanxana tipli turizm-istirahət mərkəzləri fəaliyyət göstərir. Onların arasında 5 otel beş ulduzlu, 1 otel isə dörd ulduzludur. Bir gündə  2000 dən artıq   turisti qəbul etmək imkanı yaranan mərkəzlərə ilin  9 ayı ərzində  40.000 nəfərdən artıq  turist gəlmişdir.
  Rayon Mərkəzi Xəstəxanasında ilin 9 ayı ərzində əhaliyə 176389.00 manatlıq pulsuz  dərman verilmişdir.
Cari ilin 9 ayı  ərzində 14908.00  manatlıq əsaslı təmir, 14419.00  manatlıq cari təmir işləri aparılmışdır.
Zərifə Əliyeva adına “Göz  Xəstəlikləri İnstitutu” nun əməkdaşları səyyar briqada şəklində 300-dən artıq xəstəni müayinə etmiş, 23 nəfər cərrahi əməliyyat olunmuşdur.
Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2014-cü ilin 9 ayı ərzində  hepatit  «B»-ə  qarşı 1174 peyvənd,  göyösgörək, difteriya və tetanusa qarşı 1176 peyvənd, qızılça, parotit, məxmərəyə qarşı 2442 peyvənd, polimelitə qarşı 2178 peyvənd edilmişdir.
Rayon üzrə yeni doğulan bütün uşaqlar vərəm əleyhinə BSJ peyvəndinə cəlb edilməsi üçün 1790 doza peyvənd materialı alınıb müalicə profilaktika müəssisələrinə verilmişdir.
2014-cü ilin müvafiq dövründə rayon GEM-nin bakterioloji labarotoriyasında yoluxucu xəstəliklərin aşkar edilməsi məqsədilə 2000 müayinə aparılmışdır. Eləcə də GEM-nin bakterioloji labaratoriyasında 52 su nümunəsi bakterioloji müayinədən keçirilmişdir.
Qəbələ rayon Gənclər və İdman İdarəsi tərəfindən 2014-cü ilin 9 ayı ərzində  50 tədbir həyata keçirilmişdir. Bunlardan 24 tədbir gənclərlə iş sahəsini, 26 tədbir isə kütləvi bədən tərbiyyəsi və idman sahəsini əhatə edir.
Bunlardan misal olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Tour d' Azerbaidjan-2014" Beynəlxalq velosiped turnirini, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan boks idman növü üzrə 13-14 yaşlı yeniyetmələr arasında zona yarışlarını, Yeniyetmələrin IX Respublika Oyunlarının proqramına daxil olan yunan-roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü gənclər arasında zona yarışlarını, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında III Beynəlxalq Qəbələ kuboku turnirini, cüdo idman növü üzrə Qəbələ açıq turnirini, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyini və "Gənc xilasedici" II beynəlxalq yarışını, "Gabala Fight Series" kikboks üzrə Beynəlxalq turnirini və s. göstərmək olar.
Cari ilin ötən dövrü ərzində Qəbələ Olimpiya İdman Kompleksində 23 idman tədbiri keçirilmişdir. Onlardan 4-ü rayon, 18-i respublika, 1-i beynəlxalq səviyyəli tədbirlər olmuşdur.
Qəbələ Peşə məktəbində 2013-2014 -cü tədris ilində  7 qrup fəaliyyət göstərmişdir.  Məktəbi bitirən məzunlar müvafiq işlə təmin olunmuşlar.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində hazırda 192 şagird təhsil alır. Mərkəzin  151  nəfər  şagirdi  buraxılış  imtahanlarını müvəffəqiyyətlə verərək istehsalata göndərilmişlər.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 2014-cü ilin 9 ayı ərzində  təkrar səfərlər də daxil olmaqla 79 ailəyə baş çəkilmişdir.
Mərkəzin mütəxəsisləri aktiv terapiya kursunda nitq qüsurlu və əqli geriliyi olan 4 uşaqla, rus dili və kompüter kurslarında isə 12 uşaqla məşğul olurlar.
Ölkəmizdə  son illər əhəmiyyətli dərəcədə müşahidə  edilən  inkişaf, 2014-cü ilin  9 ayı  ərzində aqrar sahədə də davam etmişdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda aqrar sahə üzrə nəzərdə tutulmuş  tədbirlərin uğurla həyata keçirilməsi ölkənin  aqrar sahəsinin  inkişafında həlledici rol oynamışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncam rayonumuzun torpaq mülkiyyətçiləri tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır.
Fermerlərimiz tərəfindən 2014-cü ilin məhsulu üçün 25030  hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir. Onun 18730 hektarını buğda, 6300 hektarını isə arpa sahələri təşkil edir. Cari ildə  güclü  dolu və havaların  həddindən artıq quraq keçməsi nəticəsində sıradan çıxmış 3750 hektar sahə biçilməmişdir.  Biçilmiş 21280 hektar  sahədən  40715  ton məhsul toplanmış və məhsuldarlıq hər hektardan 19,1 sentner olmuşdur.
Torpaq  mülkiyyətçiləri tərəfindən indiyədək  2014-cü ilin məhsulu üçün 4894 ha sahədə   yazlıq bitkilər əkilmişdir ki, bunun da 1157 hektarını kartof, 2096 hektarını tərəvəz, 1368 hektarını qarğıdalı, 130 hektarını bostan bitkiləri, 143 hektarını günəbaxan 1258 hektarını isə birillik və coxillik otlar təşkil etmişdir. Həmin sahələrdən 7497 ton kartof, 9495 ton tərəvəz, 1872 ton bostan məhsulu, 3144 ton qarğıdalı, 114 ton günəbaxan, 11261 ton meyvə, 1277 ton üzüm istehsal olunmuşdur. Kartof yığımı davam edir.  Payız əkini üçün bu günə kimi 11400 hektar sahə şumlanmışdır.
Ötən dövr ərzində rayonda mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədilə 8652 ədəd torpaq nümunəsi və 4511 ədəd məhsul nümunələri götürülərək  aqrokimya laboratoriyasında analiz edilmiş və nəticələri barədə  istehsalçılara məlumat verilmiş, ziyanvericilərə və alaq otlarına qarşı 4828 hektar sahədə mübarizə tədbirləri həyata keçirilmişdir.
Cari ildə hüquqi və fiziki şəxslər tərəfindən rayon toxum müfəttişliyinin laboratoriyasına təqdim olunmuş qarğıdalı, kartof, yonca, keşniş, taxıl toxumları  yoxlanılmış və mülkiyyətçilərə müvafiq rəylər verilmişdir.
Dövlət  Meşə Fondu torpaqlarında cari  ilin 9 ayı  ərzində  30 hektar meşə əkini aparılmış, 940 hektar ərazidə meşə əkinlərinə xidmət olunmuş, 0,7 hektar sahədə ağac və kol cinslərinin toxumları səpilmiş, 0,5 hektar sahədə isə 25000 ədəd çilik kökləndirmə üçün basdırılmışdır. 
Hazırda rayonda kənd təsərrüfatı işlərini həyata keçirmək üçün 2 böyük və 2 kiçik həcmli aqroservis müəssisəsi fəaliyyət göstərir. Bütövlükdə rayonda 80 ədəd taxılyığan kombayn, 53 ədəd tırtıllı və 444 ədəd təkərli traktor, 29 ədəd buldozer, 38 ədəd ekskvator və s. kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.
Kənd təsərrüfatının digər sahələrində olduğu kimi heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayonda iribuynuzlu mal-qaranın sayı keçən ilin müvafiq dövrünə nisbətən 3328 baş artaraq 56437 başa, qoyun-keçilər 1502  baş artaraq  220178  başa, donuzların sayı  isə 31 baş artaraq 1041 başa çatmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 285 ton artaraq  3949 tona,  süd istehsalı  2190 ton artaraq  28933 tona, yumurta istehsalı 1000  ədəd artaraq  8192 min ədədə, yun istehsalı isə 1 ton artaraq 462 tona çatdırılmışdır.
Rayonda  mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün 6 süni mayalama məntəqəsi fəaliyyət göstərir. 9 ay ərzində 3416 baş inək və düyələrdə süni mayalama aparılmışdır ki, bu da  keçən ilin eyni dövrü ilə müqayisədə 386 baş çoxdur. 
Heyvanların yoluxucu xəstəliklərə tutulmaması üçün vaxtaşırı lazımi müayinə və profilaktika işləri aparılır. Hazırda rayonda epizootik durum demək olar ki, sabitdir.  2014-cü ilin 9 ayı ərzində 12 baş iri buynuzlu və 4 baş xırda buynuzlu heyvanın bruselloza qarşı müayinə zamanı xəstə olduğu müəyyən edilmiş və həmin heyvanlar kəsilərək təsərrüfatdan çıxarılmışdır. Respublikada iri buynuzlu mal-qara arasında yayılmış nodulyar dermatit virusu, dabaq, qarayara, leptesprioz, çiçək və sair kimi xəstəliklər rayonumuzda aşkar edilməmişdir.
Hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəal iştirak edirlər. 2014-cü ilin 9 ayı ərzində həmin  yarmarkalarda 37,3 ton tumlu, 48,6 ton qərzəkli, 6,8 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Rayon üzrə mövcud bağ sahələri 5603, üzüm plantasiyası isə 432 hektardır.
Keçən dövr ərzində bağlarda və üzüm plantasiyalarında aqrotexniki qulluq işləri davam etdirilmişdir.
Respublikamızda, aqrar sahəyə dövlət qayğısının daim artması bizə  deməyə imkan verir ki, rayonumuzda da bu sahədə görülən işlər yüksək sürətlə davam  edəcəkdir.
2014-cü ilin ötən dövrü ərzində vətəndaşların qəbulu, onları narahat edən məsələlərin həlli istiqamətində də müvafiq işlər görülmüşdür.
Cari ilin doqquz ayında rayon icra hakimiyyətinə ümumilikdə 659 ərizə daxil olmuşdur. O cümlədən, Azərbaycan Respublkası Prezidentinin Administrasiyasından 258,  Milli Məclisdən 8, Nazirlər Kabinetindən 8,  digər mərkəzi icra hakimiyyəti orqanlarından 47,  vətəndaşlardan isə 338 ərizə göndərilmişdir.
Daxil olan müraciətlər ətraflı öyrənilərək hər birinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab verilmiş, hər bir ərizənin yaranma səbəbi araşdırılmışdır.
Görülmüş işlərin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 194 ərizə az daxil olmuşdur.
Müraciətlərə diqqət yetirdikdə ilk növbədə ölkə rəhbərliyi tərəfindən Azərbaycan vətəndaşlarının bu günü və gələcəyi naminə həyata keçirilən geniş-miqyaslı abadlıq və quruculuq işlərindən, yerlərdə müasir tələblərə cavab verən sosial obyektlərin tikilib istifadəyə verilməsindən razılıq hissləri ifadə olunur və cənab Prezidentin gördüyü genişmiqyaslı, quruculuq işləri əhali tərəfindən olduqca yüksək qiymətləndirilir.
Cari ilin doqquz ayı ərzində rayon icra hakimiyyətində başçı tərəfindən 614 nəfər vətəndaş qəbul edilərək dinlənilmiş, qəbul zamanı səslənən məsələlərin çox hissəsi yerində araşdırılaraq həll edilmiş, icrası vaxt tələb edən məsələlər isə aidiyyəti üzrə tapşırılmış və yekunda hər bir müraciətə aid rəsmi məlumatlar alınmışdır.
Eyni zamanda ilin əvvəlindən rayon icra hakimiyyətinin başçısı tərəfindən 32 səyyar görüş-qəbul keçirilmişdir. Qəbullarda 4517 nəfər vətəndaş iştirak etmiş, onlardan müxtəlif təkliflərlə 274 nəfər çıxış etmişdir. Tələblərin və müraciətlərin 262-si həll edilmiş, 12 məsələnin həlli isə respublikanın digər aidiyyəti təşkilatları tərəfindən icra edilməli olduğundan həmin müraciətlərlə əlaqədar onların qarşısında təkliflər qaldırılmışdır. Bunlar əsasən yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi, elektrik dirəklərinin dəyişdirilməsi, yolların asfaltlaşdırılması, körpülərin tikintisi, artezian quyularının qazılması və çaylarda sahilbərkitmə işlərinin aparılması ilə bağlı olmuşdur.
Sonda cənab Səbuhi Abdullayev bildirmişdir ki, əldə edilən uğurlar bizi qarşımızda duran məsuliyyətli vəzifələrin daha inamla həyata keçirilməsinə ruhlandırır və Qəbələ Rayon İcra Hakimiyyəti əlamətdar və tarixi hadisələrlə zəngin olan 2014-cü ili daha böyük nailiyyətlərlə başa çatdırmaq üçün fəaliyyətini genişləndirməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrini, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.
Yığıncaqda daha sonra məsələ ilə əlaqədar rayon maliyyə idarəsinin rəisi Namiq Ağayev, meşə mühafizəsi və baərpası müəssisəsinin direktoru Abdulla Kərimov, rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış etmişlər.
Yekunda bir qrup şəxslər rayon icra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər