Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılışı olmuşdur.
Oktyabrın 22-də Qəbələdə Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin (ISSF World Cup Final 2014) rəsmi açılış mərasimi keçirilmişdir.
Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mərasimdə “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber çıxış etmişlər. Onlar Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkə Prezidenti İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan danışmış, yarış iştirakçılarına uğurlar arzulamışlar.
“Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend Olimpiya atıcılıq növləri üzrə 280 idmançı iştirak edir. Bu il müxtəlif ölkələrdə 7 mərhələdə keçirilən dünya kuboku uğrunda yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur.
Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edir. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə isə İradə Aşumova və Ruslan Lunev təmsil edir.
Yarışlara oktyabrın 23-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start verilmişdir.