Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi başa çatıb..

28 oktyabr 2014 | 16:00

Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsi başa çatıb. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsinə oktyabrın 27-də yekun vurulub. Yarışların sonuncu günündə tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında kişilərdən Daniel Brodmeir (Almaniya) birinci, Sengbe Zao (Çin) ikinci, Henri Junqahenel (Almaniya) üçüncü, dairəvi stend atıcılığı üzrə yarışda qadınlardan Albina Şakirova (Rusiya) birinci, Meng Vei (Çin) ikinci, Danka Bartekova (Serbiya) üçüncü, kişilərdən Dii Cin (Çin), Azmy Mehelba (Misir), Aleksandr Zemlin (Rusiya) üçüncü yeri tutub. Dairəvi stend atıcılığı üzrə yarışlarda Azərbaycanı təmsil edən “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Emin Cəfərov təsnifat yarışlarında Dünya Kuboku yarışlarının final mərhələsinə yüksəlib. İdmançımız final yarışlarında 5-ci yeri tutub. Qadınlardan isə Nurlanə Cəfərova 7-ci yerə çıxıb. Yarışlarda qazanılan kubok və medalların sayına görə Rusiya komandası birinci, Çin idmançıları ikinci, Almaniya atıcıları üçüncü yerə çıxıblar.
Yarışların bağlanış mərasimində “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və Avropa Atıcılıq Konfederasiyasının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə qeyd edilib ki, beş gün davam edən bu yarışda dünya reytinq cədvəlində xüsusi yer tutan güllə və stend atıcılıq növləri üzrə 280 idmançı iştirak edib. Bu yarışlardan öncə isə bu il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi (Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı (Qazaxstan) keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab olunur. Qəbələdə keçirilən final yarışlarında dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq iştirak edib. Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edib.
Sonda Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber yarışın yüksək səviyyədə təşkil edilməsinə görə “Qəbələ” İdman Klubunun və “Qəbələ” Atıcılıq Klubunun rəhbərlərinə diplom və medallar təqdim edib.

Keçidlər