“Yol hərəkəti qaydaları”na əməl etmək vacib məsələdir.
“RR-77 Avto klub ictimai təşkilatının təşəbbüsü ilə Qəbələ şəhər 1 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydaları” na həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd yol-nəqliyyat hadisələrinin və təhlükəsiz davranış vərdişlərinin qarşısının alınması istiqamətində məktəblilərin maarifləndirilməsindən ibarət olmuşdur.
Tədbirdə iştirak edən Qəbələ Rayon Polis Şöbəsi, Dövlət Yol Polisi Bölməsinin rəisi polis mayoru Fariz Həsənov “Yol hərəkəti qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəları barədə iştirakçılara geniş məlumat vermiş, avtomobil sürücülərinin, velosipedçilərin və piyadaların üzərində düşən vəzifələri izah etmişdir.
Diqqətə çatdırılmışdır ki, müasir dövrdə, xüsusilə də nəqliyyat-kommunikasiya infrastrukturunun sürətlə inkişaf etdiyi zamanda azyaşlıların, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi mühüm şərtlərdən biridir.
Daha sonra rayon polis şöbəsinin əməkdaşı Mehman İsmayılov çıxış edərək yol hərəkətində şagirdlərin davranış qaydalarından söz açmışdır. Qeyd olunmuşdur ki, bütün məktəblilər piyadaların yol hərəkəti qaydalarını ətraflı öyrənməli, onlar küçədə, nəqliyyat vasitələrinin hərəkəti zamanı intizamlı olmalarına ciddi əməl etməlidirlər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmış, yol hərəkəti qaydalarına həsr olunmuş video çarx nümayiş olunmuşdur.