Qəbələdə “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə noyabrın 11-də Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelində 16 noyabr-Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycan-Tolerantlığa nümunə ölkə” mövzusunda regional konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra komitənin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov Qəbələ şəhərindəki məsçidlərdə və Nic qəsəbəsindəki alban kilsəsində dindarlarla görüşərək, orada onlar üçün yaradılan şəraitlə maraqlanmış və komitə adından məsçidlərə və alban məbədinə hədiyyələr təqdim etmişlər. Konransda ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, keçmiş sovet ölkələri arasında beynəlxalq tolerantlıq günü ilk dəfə Azərbaycanda, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qeyd olunmuşdur.
Tədbirdə komitə sədri Mübariz Qurbanlı Azərbaycanın tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, tolerantliğın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırmışdır. Komitə sədri dövlətin din sahəsinə qayğısından, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Tolerantlıq ünvanı-Azərbaycan" mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə tolerantlığın tarixi, yaranma səbəbləri və bugünkü vəziyyəti barədə dolğun məlumat vermişdir. Natiq bildirmişdir ki, hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğuna diqqət çəkmiş, bu keyfiyyətlərin qorunub saxlanılmasının dövlətçiliyimizin qorunub saxlanılması olduğunu bildirmişdir. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasinda ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq qeyd edib ki, bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Ceyhun Rüstəmov İslamın digər dinlərə tolerant münasibətindən, bölgənin toleranlıq ənənələrindən danışmışdır. O ölkəmizdə nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolunun olduğunu qeyd etmişdir. Alban-Udi Xristian İcmasının sədri Robert Mobili çıxışında Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olmasının burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaratdığını söyləmişdir. Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi xanım Nanuli Kulaşvili, Oğuz yəhudi icmasının nümayəndəi Rasim Mikayılov və İsmayıllı rayon İvanovka kəndi Molokan icmasının nümayəndəsi Qriqoriy Smirnov çıxış edərək Azərbaycandakı teolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibətindən və qayğısından danışmışlar.
Konfransda Azərbaycanda etnik-dini durum barədə ətraflı fakir mübadiləsi aparılmnış, ölkədə sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun, çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü vurğulanmışdır.
Konfransda dindarları maraqlandıran suallar cavablandırılmış, iştirakçılara “Tolerantlıq” kitabı paylanılmışdır.