Gənclər və İdman Naziri Azad Rəhimov bölgə vətəndaşlarını qəbul edərək onların müraciətlərinə baxıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
Bu istiqamətdə olan növbəti qəbul noyabr ayının 24-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib. Qəbulda Gənclər və İdman Naziri Azad Rəhimov bölgə vətəndaşlarını qəbul edərək onların müraciətlərinə baxıb.
Qəbulda Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzlərinin inşası və digər məsələlərlə bağlı olub. Nazir 40-dan çox vətəndaşı qəbul edərək onların müraciətinə baxıb. Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.