Cüdo üzrə Qəbələdə açıq turnir keçirilmişdir.
Rayon gənclər və idman idarəsi “Qəbələ” İdman Klubu ilə birlikdə olimpiya idman kompleksində uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq turnir keçirmişdir. Turnirdə respublikanın 15 şəhər və rayonundan 21 komanda üzrə 260 nəfərədək idmançı iştirak etmişdir.
Yarışın keçirilməsinin əsas məqsədi cüdo idman növünün respublikada daha da inkişafına nail olunması, həmçinin rayonda idmanın kütləviliyinin artırılması, uşaq və yeniyetmə idmançılarda yarış təcrübəsinin və ustalığın inkişaf etdirilməsi, cüdo üzrə rayonun yığma komandasının tərkibinin müəyyənləşdirilməsindən ibarət olmuşdur.
Turnirin açılış mərasimində gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və “Qəbələ” İdman Kubunun kordinatoru Səbuhi Qarayev çıxış edərək respublikada olduğu kimi Qəbələ rayonunda da idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən qayğı və diqqətdən danışaraq yarış iştirakçılarına uğurlar arzulamışlar. Daha sonra komandaların məşqçilərinə yarışın keçirilmə qaydaları haqqında məlumat verilmişdir.Yarış mövcud Beynəlxalq qaydalara əsasən keçirilmişdir.
Cüdo üzrə Qəbələ Açıq Turnirinin yekununda medal sayına görə komanda hesabında Qəbələ rayonu I yerə, Sumqayıt şəhəri II yerə və Zaqatala rayonunun komandası III yerə layiq görülmüşlər. Yekunda hər çəki üzrə qalib gəlmiş idmançılara diplom və medallar, komandalara isə kuboklar təqdim edilmişdir.