Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa (Diego Canepa) Azərbaycan Respublikasına səfəri çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonunda olmuşdur

22 yanvar 2013 | 16:00

Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa (Diego Canepa) Azərbaycan Respublikasına səfəri çərçivəsində tanışlıq məqsədi ilə Qəbələ rayonuna gəlmişdir.
Qəbələ ilə tanışlıq zamanı xüsusi elçiyə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkar və ecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.
Diyeqo Kanepa əvvəlcə Gilan piano" MMC-nin "Beltmann" piano fabrikində istehsal prosesi ilə tanış olmuşdur. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir.
Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.
Qəbələ Konserv zavodunda istehsal prosesi ilə yaxından tanış olan xüsusi elçiyə məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Diyeqo Kanepa Qəbələ Limonad zavoduna da baş çəkmiş, müəssisənin istehsal prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul-kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir. Sonra qonaq Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonağın diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir. Qəbələ şəhərinin mərkəzi küçələri ilə tanış olan xüsusi elçi daha sonda rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksi ilə yaxından tanış olmuşdur. Məlumat verilmişdir ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları yaradılır.
Daha sonra Diyeqo Kanepa Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin inşasına baxış keçirmişdir. Məlumat verilmişdir ki, bu sağlamlıq-turizm obyektində turistlərə qış idman növləri ilə məşğul olmaq, eləcə də ilin bütün fəsillərində ora ekskursiya edənlərin istirahəti üçün şərait yaradılacaq. Bildirilmişdir ki, dağ-xizək kompleksinin ərazisində 18 min metr uzunluğunda 10 enmə zolağı inşa ediləcək. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi nəzərdə tutulur və bu məqsədilə orada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Qəbələyə səfərin sonunda Diyeqo Kanepa rayonda mövcud olan beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşdur. Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri xüsusi elçidə zəngin təəssürat yaratmış, qəbələyə səfərindən məmnunluğunu ifadə etmişdir.
 

Keçidlər