“5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş rəsm sərgisi keçirilib
Qəbələ Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı, Qəbələ Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş rəsm sərgisi keçirilmişdir. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hər bir sahədə olduğu kimi idman sahəsində apardığı islahatları və bu ənənənin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, idman sahəsində həyata keçirilən ardıcıl tədbirlər və idmançılara göstərilən diqqət və qayğını qeyd etmişlər. Sonda sərgiyə baxış keçirilmiş və sərgidə iştirak edən şagirdlərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlar və fərqlənən məktəblilərə həvəsləndirici hədiyyələr təqdim edilmişdir.