“2 fevral Gənclər Günü” ilə əlaqədar olaraq Qəbələ gənclərinin ümumrayon toplantısı
Qəbələ rayon Gənclər və İdman İdarəsinin 2013-cü ilin I yarımilliyi üçün təsdiq edilmiş iş və tədbirlər planına əsasən “2 fevral- Gənclər Günü”-nə həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun bir çox idarə, müəssisə və təşkilatlarında, yerli bələdiyyələrdə “Gənclər gələcəyin qurucularıdır” mövzusunda toplantılar keçirilmişdir.
Rayonda yekun tədbir 01 fevral 2013-cü il tarixdə “Qafqaz Sport” hotelin konfrans zalında keçirilmişdir. İlk öncə toplantı iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər qərənfillər qoyulmuşlar.
Tədbirə rayonun bütün sahələrində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 200-dək gənc qatılmışdır. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı cənab Səbuhi Abdullayev iştirak etmişdir. Toplantını giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov ”2 fevral- Gənclər Günü”nün yaradılması tarixi və mahiyyəti barədə danışmış, həmçinin ötən il rayonda gənclər sahəsində görülən işlərdən, əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
Toplantıda YAP Qəbələ rayon Gənclər Təşkilatının sədri Ramil Qəribov, Təhsil işçiləri adından gənc müəllim Qasımova Mədinə, gənc yazar Abdullayeva Nəzakət, gənc əsgər Tale Əliyev çıxış edərək respublikada dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğı və diqqətdən danışmış, gəncləri təbrik etmişlər.
Tədbirdə yekun söz ilə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti Başçısı cənab Səbuhi Abdullayev bu bayramın Ulu öndərimiz Heydər Əliyev tərəfindən gənclərə bəxş edildiyini, dövlət gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış və bütün Qəbələ gənclərini təbrik etmişdir.
Toplantının sonunda 2012-ci ildə gənclərlə iş sahəsində nailiyyət qazanmış bir qrup fəal gəncə Rayon İcra Hakimiyyətinin fəxri-fərman və xatirə hədiyyələri təqdim olunmuşdur.